Yuxarı

​"Report": Avro bir qədər də bahalaşacaq

İlk mərhələdə məzənnənin 1,1650 USD/EUR-ya çatacağı, sonradan isə 1,20 USD/EUR-nu keçəcəyi gözlənilir

Bakı. 10 iyul. REPORT.AZ/ Avropanın fond birjaları kəskin artımla qarşılaşıblar. Həftənin ilk iş günü Yunanıstan böhranı səbəbindən çalxalanan dünya fond birjaları, xüsusən də Avropa indeksləri son iki gündə artım tendensiyasına keçib.

"Report"un analitik qrupu xəbər verir ki, artım hazırkı saatlarda da əhəmiyyətli şəkildə davam edir. Belə ki, Almaniyanın DAX indeksi açılışdan sonra, ilk 30 dəqiqədə 2%-dən çox artıb. Yüksəliş əsasən Yunanıstan böhranının bu həftənin sonu həll olunacağı ehtimalı ilə bağlıdır. Xatırladaq ki, yunanlar dünən avropalı kreditorlara islahatlar paketi təqdim ediblər və bu plan kreditorlar tərəfindən müsbət qarşılanıb. Nəticədə, avro əsas dünya valyutalarına qarşı güclənməyə başlayıb. Bu gün səhərdən avro ABŞ dolları ilə müqayisədə 0,8% möhkəmlənərək artıq 1,1120 USD/EUR səviyyəsinə çatıb.

"Report"un analitikləri hesab edirlər ki, avronun möhkəmlənməsi getdikcə sürətlənəcək: "Proqnozlar ilk mərhələdə məzənnənin 1,1650 USD/EUR-ya çatacağını göstərir. Bu səviyyəyə avro 1 ay içində çata bilər. Daha sonra isə ABŞ-da iqtisadi artım və işsizlik göstəricilərindən asılı olaraq avronun bir illik hərəkət istiqaməti müəyyənləşəcək. Ehtimallar ABŞ-da bu il uçot dərəcəsinin artırılmayacağını göstərir. Belə olarsa, dollar/avro məzənnəsi il ərzində 1,20-1,22 USD/EUR-ya qədər yüksələ bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi