Yuxarı

​"Report" agentliyi: Azərbaycanda istehlak xərcləri kəskin artıb

Makroiqtisadi baxımdan, bunun müsbət və mənfi səbəbləri ola bilər

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 3 229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil edib. 

“Report”un xəbər verdiyi kimi, dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 30,4 mlrd. manatlıq gəlirin 70,0%-i son istehlak xərclərinə, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 6,0% çox vəsait qalıb.

"Report"un analitikləri qeyd edirlər ki, makroiqtisadi təhlildə icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamda qalan vəsaitlərdən başqa son istehlaka və yığıma yönəldilən vəsaitlər də müqayisə olunur. Azərbaycanda hesabat dövründə əhali 21,3 mlrd. manatı son istehlaka yönəldib, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22,4% çoxdur. Eyni zamanda, yığıma yönəldilən vəsaitlərin həcmi bu ilin 10 ayında 5,62 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur. 

"Beləliklə, bu il əhali son istehlakı kəskin artırıb və bunun nəticəsində yığım artsa da, onun artım tempi son istehlak üzrə artım tempi ilə müqayisə olunan səviyyədə deyil. Mütləq rəqəmlərdə mənzərə daha da aydın olur. Belə ki, son istehlaka yönəldilən vəsaitlərin, yəni istehlak xərclərinin həcmi 3,9 mlrd. manat artdığı halda, yığımlar cəmi 360 mln. manat artıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanda istehlak bazarında geniş mənfi dəyişikliklər baş verib və bu, əhalinin yığım qabiliyyətinə mənfi təsir edir. Yəni, elə də böyük olmayan demoqrafik dəyişikliklər fonunda istehlak bazarında kəskin bahalaşma baş verib", - deyə Agentliyin ekspertləri vurğulayıb.

Lakin obyektivlik üçün "Report"un analitikləri qeyd edirlər ki, yaranan vəziyyətin digər, müsbət izahı da ola bilər: "Bu da əhalinin istehlak xərclərinin təbii artımı ilə bağlıdır, yəni əhali daha çox maddi diqqətini yığıma deyil, malların alınmasına yönəldir. Bu isə öz növbəsində birmənalı olaraq müsbət haldır, çünki hər hansı ölkədə diqqət daha çox yığıma yönəldilirsə, bu, ölkədə müəyyən makroiqtisadi və sosial gözləntilərin olduğundan xəbər verir. İstisna kimi böhran vəziyyətlərdə qızılın və daşınmaz əmlakın kütləvi alınmasını qeyd etmək olar. Lakin Azərbaycanda bu sahələrdə hər hansı ajiotaj müşahidə olunmur. Və nəhayət, əksinə olaraq əhali tərəfindən xərclərin artırılması iqtisadiyyatın sağlam olduğunu və əhali tərəfindən iqtisadiyyata və onun perspektivlərinə yüksək etimadını göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi