Qobustan rayon İcra Hakimiyyətində ayrılmış vəsaitin təyinatının dəyişdirilməsi halları aşkarlanıb

Qobustan rayon İcra Hakimiyyətində ayrılmış vəsaitin təyinatının dəyişdirilməsi halları aşkarlanıb Hesablama Palatası mühasibat uçotunun gücləndirilməsi ilə bağlı İcra Hakimiyyətinə tövsiyələr verib
Maliyyə
2 Mart , 2016 11:35
Qobustan rayon İcra Hakimiyyətində ayrılmış vəsaitin təyinatının dəyişdirilməsi halları aşkarlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Hesablama Palatasında keçirilən son kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Qobustan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib. İclasda yoxlama qrupunun məlumatı və fəaliyyət istiqaməti üzrə məsul auditorun təqdim etdiyi hesabat dinlənilib. Bu barədə "Report"a Hesablama Palatasından məlumat verilib. 

Auditor Qobustan rayon İcra Hakimiyyəti (RİH) tərəfindən dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla satınalma müqaviləsi bağlanıldığını, bitum və yanacaq-sürtgü materiallarının qiymətlərinin artması ilə əlaqədar inşaat prosesində müqavilə məbləğinın müvafiq prosedur qaydalara riayət edilmədən artırıldığını, istismara qəbul edilən bir neçə obyektin müvafiq qaydada uçota alınmadığını və əsaslı vəsait qoyuluşu üzrə kreditor borcların balansda əks etdirilmədiyini diqqətə çatdırıb.

Qobustan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Qobustan şəhərinin küçələrinin işıqlandırılması üçün ayrılmış vəsaitin bəzi hallarda təyinatının dəyişdirildiyini bildirərək, auditor RİH tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin müvafiq tələblərinə bir sıra hallarda riayət edilmədiyini, həmçinin məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilməklə icra olunduğunu, həmçinin yolların əsaslı təmiri üzrə tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş vahidlərinin qiymətindən fərqli qiymətlər tətbiq edildiyini, yolların əsaslı təmiri işləri üzrə tərtib edilən qəbul aktlarında işlərin həyata keçirildiyi ünvanların tam göstərilmədiyini nəzərə çatdırıb.

Eyni zamanda, mal-material qiymətlililərinin uçota alınması, yanacaq və ehtiyat hissələrinin silinməsi prosesində nöqsanlara yol verildiyi, bəzi hallarda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyindən vergi tutulmadığı, RİH və tabeliyindəki qurumlar tərəfindən maliyyə hesabatlarının qüvvədə olan müvafiq təlimatlara uyğun aparılmadığı qeyd edilib.

Auditor müəyyən olunmuş nöqsanların bir hissəsinin audit zamanı RİH tərəfindən aradan qaldırıldığını bildirərək podratçı təşkilatlarla satınalma müqavilələrinin bağlanılması və büdcə vəsaiti hesabına malların (iş və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən normativ-hüquqi aktların tələblərinə tam riayət olunmasına, başa çatmış obyektlərin vaxtında istismara qəbul edilərək müvafiq balans hesablarında düzgün uçota alınmasına nəzarətin gücləndirilməsini zəruri hesab edib. Eyni zamanda, büdcə vəsaitlərin təyinatının dəyişdirilməsinin normativ-hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsi, mühasibat uçotunun təşkili və aparılması ilə bağlı fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiq hesab olunub.

İclasda nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qərarın surəti Qobustan RİH-ə göndərilib, auditin nəticələri üzrə Milli Məclisə məlumat təqdim edilib.

Son xəbərlər

Orphus sistemi