Yuxarı

​Qızılın qiyməti 1 250 dollar/unsiyaya qədər arta bilər - PROQNOZ

Report: Uzunmüddətli perspektivdə isə qızılın kəskin ucuzlaşacağı gözlənilir

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) sentyabrın 17-də keçiriləcək toplantısında uçot dərəcəsini artırmasa, dünya bazarında qızılın qiyməti 1 250 dollar/unsiyaya qədər yüksələ bilər. Hazırda 1 120 dollar/unsiyadan satılan qızıl iyulda 1 078 dollara qədər ucuzlaşıb. Lakin daha sonra dünya iqtisadiyyatında baş verən dalğalanmalar etibarlı investisiya aləti sayılan qızıla tələbatı bir qədər artırıb.

"Report"un analitik qrupu qeyd edir ki, avqust ayında ABŞ-da işsizlik göstəricisinin 2008-ci ilin aprel ayından etibarən ilk dəfə 5,1%-dək enməsi ilə FES-in faizləri artıracağı ehtimalının artması investorların heç bir faiz dividendi qazandırmayan qızıla olan rəğbətini bir qədər də azaldıb.

Hazırda qızılın qiymətinin artması FES-in qərarına bağlıdır. İqtisadçılar isə FES-in dünya maliyyə bazarında neqativ vəziyyət səbəbindən faizləri artırmayacağını düşünürlər. "Bloomberg" agentliyinin apardığı sorğuya əsasən, iqtisadçıların yalnız 30%-i FES-in uçot dərəcəsini artıracağını proqnozlaşdırırlar. Buna baxmayaraq, Çin Mərkəzi Bankınını sədri Çjou Syaoçuan Çin fond birjalarında səhmlərin satışının artıq bitməyə yaxın olduğunu bildirib. Əlavə edək ki, ABŞ istiqraz bazarı da FES-in faiz artırmasına hazır vəziyyətdədir. Belə ki, maliyyə bazarı FES-in yavaş tempdə faiz artıracağı ilə bağlı gözləntilər istiqrazların qiymətində əks olunub, həmçinin fyuçers bazarı da faizlərin təsiri altındadır. Lakin, istənilən halda maliyyə bazarında panikanın olmayacağı bildirilir.

"Report"un analitikləri hesab edirlər ki, dünya maliyyə bazarında son günlər müşahidə olunan müsbət tendensiya FES-in faiz artırması üçün münbit şərait yaradıb. Uçot dərəcəsi bu dəfə də FES tərəfindən artırılmasa, qlobal bazardakı gərginlik davam edəcək. Lakin, artım həyata keçirilərsə, qısamüddətli sərt hərəkətlər olsa da bir neçə günə maliyyə bazarı normal tempə geri dönəcək. Qızılın qiyməti isə 1 045 dollar/unsiyaya düşə bilər. Uzun müddətdə isə qızılın 800 dollar/unsiya həddinə kimi geriləyəcəyi proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi