Yuxarı

​Qızılın bahalaşması gözlənilir - PROQNOZ

Yaxın 20 ildə qızıl və almaz ehtiyatları tükənə bilər

Bakı. 1 aprel. REPORT.AZ/ Dünya miqyasında qızıl və almaz ehtiyatları mövcud yataqlarda aparılan hasilatın hazırkı tempi ilə 20 ilə bitəcək. Platin, mis və nikel hasilatı isə 40 ilə kifayət edəcək. "Report"un məlumatına görə, bu hesablamalar "Goldman Sachs"ın analitikləri tərəfindən aparılıb.

Qiymətli metallara tələbatın artması əsasən yeni yataqların kəşf edilməməsi ilə bağlıdır. Əslində isə bu metalların hasilatının maya dəyəri o qədər də yüksək deyil. "Goldman Sachs"ın proqnozlarına görə, artıq 2015-ci ildə dünya qızıl hasilatı pik həddə çata bilər və növbəti illərdə azalmağa başlayacaq. Bu səbəbdən qızılın qarşıdakı illərdə artım tempini qoruyacağı gözlənilir.

Daha öncə buna bənzər açıqlama ilə dünyanın nəhəng qızıl hasilatçılarından olan "Goldcorp" şirkətinin rəsmiləri çıxış edərək bildiriblər ki, qızıl hasilatı 1995-ci ildə rekord həddə kəşf olunan yataqlarda başlanan hasilat nəticəsində 2015-ci ildə pik həddə çatacaq, 2022-ci ildə isə hasilat yeni yataqlar kəşf edilməsə minimum həddə düşə bilər.

Qızıl hasilatı neçə illərdir stabil səviyyəsini qoruyur, amma yeni qızıl yataqları istismara verilmir və hətta sayca azalır. Qeyd edək ki, qızılın 1 unsiyası 2011-ci ildə maksimum 1 889,7 dollar qiyməti ilə satılırdısa, hazırda qiyməti 1 187 dollar/unsiyadır. Ötən il isə orta qiymət 1 266 dollar/unsiya olub.

Rusiya qızıl hasilatını 7% artıraraq 2014-cü ildə 272 tona çatdırıb və bununla da Avstraliyanı ötərək dünya qızıl istehsalçıları reytinqində ikinciliyə yüksəlib. İlk sıranı isə 2014-cü ildə 465,7 ton qızıl istehsalı ilə Çin tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi