Yuxarı

​Qızıl 3 həftənin minimumuna enib

Qızılın qiyməti uçot dərəcələrinin səviyyəsi ilə tərs hərəkət edir

Bakı. 21 iyul. REPORT.AZ/ Qızılın unsiyasının qiyməti son 3 həftənin minimum səviyyəsinə enib. "Report" xəbər verir ki, qızılın qiymətinin azalmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2016-cı ildə uçot dərəcələrini artırmaq ehtimallarının güclənməsi olub. Belə ki, Nyu-York əmtəə birjasında qızılın unsiyasının qiyməti 1 310,70 dollara qədər enib ki, bu da 24 iyun tarixindən etibarən ən minimal hədd hesab edilir.

Son günlərdə ABŞ iqtisadiyyatından gələn müsbət hesabatlar, o cümlədən iyun ayı pərakəndə satışların həcmi, iyun ayı əmək bazarı göstəricisi və istehsalatda iş fəallığı (ISM) indeksi II rübdə ABŞ iqtisadiyyatının gücləndiyini əks etdirib. Nəticədə, FES-in uçot dərəcələrini gözlənildiyindən daha erkən artıra biləcəyi ehtimalları möhkəmlənib. Federal fondlardakı fyuçers kontraktları sentyabr ayında uçot dərəclərini artırma ehtimallarını 19%, dekabrda isə 51% qiymətləndirir.

Xatırladaq ki, qızılın qiyməti uçot dərəcələrinin artırılmasına qarşı həssasdır. Faizlərin artırılması bu qiymətli metalın alternativ aktiv kimi cəlbediciliyini azaldır. Çünki qızılın heç bir gəlirliliyi mövcud deyil. İlin əvvəlindən ABŞ iqtisadiyyatı ilə əlaqədar mənfi göstəricilərin açıqlanması qızılın qiymətini 25% artırsa da hazırda bu tendensiya geri dönmək istiqamətindədir.

"Report" analitik qrupu qızılın qiymətinin ilin sonuna qədər 1200-1400 diapazonunda qalacağını ehtimal edir. Uzun müddətli perspektivdə isə qızılın qiymətinin 800-1000 dollar/unsiya diapazonuna geriləməsi mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi