Yuxarı
    Bağlamaq

    ​Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Koreya Birjasının nümayəndələri ilə görüş keçirilib

    QKDK və Koreya Birjası arasında Kapital bazarlarının informasiya sistemləri Layihəsi Planı imzalanıb

    Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Bakıda səfərdə olan Koreya Birjasının nümayəndə heyəti ilə görüş keçirilib. 

    “Report” Komitəyə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Koreya Birjası, Koreya Milli Assambleyasının üzvləri, həmçinin Koreyanın Azərbaycandakı səfiri iştirak edib.

    QKDK sədri Rüfət Aslanlı Azərbaycan ilə Koreya arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirərək, hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli iqtisadi, siyasi və sosial münasibətlərə təsirindən danışıb. Sədr Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarındakı işgüzar fəaliyyətinin hər iki ölkə üçün vacib olduğunu vurğulayıb. R.Aslanlı Azərbaycanın kapital bazarlarının yüksək dinamika ilə inkişaf etdiyini, ardıcıl islahatlar nəticəsində bu inkişafın növbəti mühüm mərhələyə qədəm qoyduğunu qeyd edib.

    Sədr Komitə əməkdaşlarının Koreyaya intensiv səfərləri sayəsində bu ölkənin kapital bazarlarının fəaliyyətinin öyrənildiyini diqqətə çatdırıb. Komitə rəhbəri QKDK ilə Koreya Birjası arasında kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində əməkdaşlığın Azərbaycanda daha mütərəqqi və müasir qlobal kapital bazarlarına inteqrasiya imkanı olan bazar infrastrukturu əldə ediləcəyinə əminlik ifadə edib. R.Aslanlı sözügedən layihədən əldə olunacaq nəticələrin Koreya şirkətlərinin regionda mövcudluğu üçün yeni imkanlar yaradacağına inandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Tədbirdə çıxış edən Koreya Birjasının sədri Kyunqso Çoi Azərbaycanın kapital bazarları sferasında irimiqyaslı layihələrin həyata keçirildiyini, müsbət qarşılandığını və “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində "Kapital bazarı infrastrukturunun müasirləşdirilməsi və avtomatlaşdırılması" komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə keçirilmiş tenderdə Koreya şirkətinin qalib gəlməsini xatırladıb. K.Çoi ölkəsinin Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsi üçün mükəmməl sistem tətbiq edəcəyinə əmin olduğunu bildirib. Həmçinin, Koreya Birjasının sədri "Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində görülən işlərin Azərbaycan kapital bazarlarının inkişafına təkan verməyə xidmət edəcəyini qeyd edib.

    Görüşün davamında kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə tədbirlərin effektiv, vaxtında və ardıcıl icra olunmasını təmin etmək məqsədilə QKDK və Koreya Birjası arasında "Kapital bazarlarının informasiya sistemləri Layihəsi" Planı imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi