Yuxarı

​Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Dövlət İqtisad Universiteti əməkdaşlıq edəcək

Universitetin tələbələri kapital bazarları haqqında ictimaiyyəti maarifləndirəcəklər

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Tədqiqatlar Mərkəzi ilə Dövlət İqtisad Universitetinin (AzDİU) tədqiqat laboratoriyaları arasında ümumi işbirliyi təşkil olunacaq. "Report"un məlumatına görə, bunu QKDK ilə AzDİU arasında bu gün birgə əməkdaşlığa dair memorandumun imzalanması mərasimindən sonra Komitənin sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq üç istiqamətdə, xüsusən də AzDİU-da kapital bazarları və bütövlükdə maliyyə bazarları haqqında təlim proqramının təkmilləşdirilməsi nəzərdə tutulur. Tədris proqramı Komitənin təlim və məsləhət mərkəzi ilə birlikdə təşkil olunub.

"Bununla yanaşı, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tədqiqatlar mərkəzi ilə İqtisad Universitetinin tədqiqat laboratoriyaları arasında ümumi işbirliyi təşkil etməyi planlaşdırırıq. Bizim gündəliyimizdə ildə təmxinən 10-12 tədqiqat mövzusu olur, daha çox İqtisad Universitetinin tələbələrini cəlb etməklə, tədqiqat aparmaqla bağlı razılıq əldə etdik", - deyə QKDK rəhbəri qeyd edib.

"Üçüncü istiqamət kapital bazarları haqqında maarifləndirmə ilə bağlı olacaq. Bu layihə çərçivəsində tələbələr ictimaiyyətdə kapital bazarları haqqında ümumi biliklərin artırılması üçün fəaliyyət göstərəcəklər. Bu prosesə cəlb olunan tələbələr həmin prosesləri özləri mənimsəyib, daha sonra ictimaiyyətə ötürəcəklər", - deyə R.Aslanlı əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi