Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər azalıb

Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər azalıb Yanvar-iyun aylarında sığorta ödənişlərinin məbləğində 3% azalma müşahidə olunub
Maliyyə
1 İyul , 2016 17:19
Azərbaycanda icbari avtosığorta üzrə ödənişlər azalıb

Bakı. 1 iyul. REPORT.AZ/ Cari ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 238 sığorta tələbi qeydiyyata alınıb. Bu tələblər üzrə 2,6 mln.manat məbləğdə sığorta ödənişi həyata keçirilib.

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, ödənişlərin 2,5 mln. manatı nəqliyyat vasitəsinə dəyən zərər, 44,0 min manatı əmlaka dəyən zərər, 49,5 min manatı sağlamlığa dəyən zərər üzrə və 55 min manatı şəxsin ölümü üzrə olub.

Hesabat ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 144 manat təşkil edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-iyun ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 9 255 sığorta tələbi üzrə 11,6 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 3% azalma müşahidə edilib.

Bu ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 527 894 sığorta müqaviləsi bağlanıb. Bağlanılan müqavilələr üzrə sığorta haqları 42,3 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 11%, sığorta haqlarının məbləğində isə 16% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi