Yuxarı

Qazaxıstanın qızıl-valyuta ehtiyatları ötən il 0,6% azalıb

Qazaxıstanın qızıl-valyuta ehtiyatları ötən il 0,6% azalıb

48

Tenge 2014-cü ildən etibarən 3 dəfəyə yaxın devalvasiya olunub

Bakı. 9 yanvar. REPORT.AZ/ Qazaxıstanın məcmu qızıl-valyuta ehtiyatları 2016-cı il ərzində 584 mln. ABŞ dolları və ya 0,6% azalaraq 90,8 mlrd. dollar təşkil edib. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Bankının rəhbəri Daniyar Akişev məlumat verib.

Xatırladaq ki, Qazaxıstan Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 2017-ci il yanvarın 1-ə illik müqayisədə 1,9 mlrd. və ya 6,8% artaraq 29,8 mlrd. dollar, Milli Fondun aktivləri isə 25 mlrd. dollar və ya 3,9% azalaraq 61 mlrd. dollar təşkil edib. Beləliklə, Qazaxıstanın qızıl-valyuta ehtiyatları ÜDM-in 68%-nə bərabər olub. 

D.Akişevin sözlərinə görə, Mərkəzi Bankın ehtiyatlarının artmasına səbəb onun milli valyuta - tengenin qiymətinin formalaşmasına mane olmaması və valyuta intervensiyalarına yol verməməsi olub.

Qeyd edək ki, Qazaxıstan Mərkəzi Bankı 2016-cı il sentyabr ayından etibarən valyuta bazarına birbaşa müdaxilə etmir. Neft qiymətlərinin ucuzlaşmağa başladığı 2014-cü ildən etibarən ABŞ dollarının məzənnəsi 3 dəfəyə yaxın artıb və 120 KZT/USD-dən 390 KZT/USD-yə qədər yüksəldikdən sonra hazırda 331 tengeyə enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi