Yuxarı
    Bağlamaq

    Qazaxıstan ABB-yə tələblərinin ödənilməsi üçün seçdiyi variantı açıqlayıb

    Qazaxıstan pulunu Azərbaycandan illik 3,5% gəlirliklə 15 il ərzində alacaq

    Bakı. 26 iyul. REPORT.AZ/ Qazaxıstan Mərkəzi Bankı (QMB) Azərbaycan Beynəlxalq Bankının (ABB) Qazaxıstan Vahid Pensiya Yığım Fondunun ABB-nin qiymətli kağızlarına yatırdığı 250 mln. dollarlıq investisiyasının daxil olduğu uzunmüddətli öhdəliklərin könüllü restruktizasiyası ilə bağlı səsvermənin nəticələrini elan edib. 

    QMB hökumətlə birlikdə təklif edilən 3 variantdan II variantı - ABB-nin öhdəliklərinin illik 3,5% gəlirliliklə Azərbaycanın 15 illik suveren qiymətli kağızlarına dəyişdirilməsi variantını seçib.

    “Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.

    Qeyd edək ki, II variant ABB-nın 250 mln. dollarlıq öhdəliyinin illik 3,5% gəlirliklə 15 illik (2032-ci ilədək) 250 mln. dollarlıq Azərbaycan dövlət qiymətli kağızlarına dəyişdirilməsini nəzərdə tutur. 

    “ABB-nin məlumatına əsasən, öhdəliklərin könüllü restruktizasiyası prosesinin bu ilin sentyabr ayının birinci yarısında yekunlaşması gözlənilir. QMB-də bununla bağlı bütün lazımi işlər görülür”, - deyə Mərkəzi Bankdan bildirilib.

    Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunub.

    Yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94,1%-nə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93,9%-i planın lehinə səs verib. Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi