Bakı. 21 yanvar. REPORT.AZ/ 2016-cı ildə “Qala Həyat Sığorta” ASC-nin yığımları 31 795 346,44 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 39,29% çoxdur.
Hesabat dövründə “Qala Həyat Sığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət il ərzində 19 041 482 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 7,89% çoxdur.
2016-cı ildə “Qala Həyat Sığorta” topladığı hər 100 manat sığorta haqqının 59,89 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 77,32% olub.
Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 860 manat olan 3 500 səhm əsasında formalaşıb. Səhmlərin 88,57%-i "AzRe Təkrarsığorta" ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur.