Yuxarı

Proqnoz: Qızılın qiyməti iki ilə tarixi rekorda çatacaq

İnflyasiyanın sürətlənməsi qızıla tələbatı artıra bilər

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qlobal inflyasiyanın sürətlənməsi və mərkəzi bankların iqtisadi artımın bərpası ilə bağlı ümidsizliyi qızıla tələbatı artıracaq. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, mərkəzi Lixtenşteyndə yerləşən, aktivlərin idarə olunması üzrə ixtisaslaşmış "İncrementum AG" şirkətinin hesabatına əsasən, qızılın qiyməti yaxın iki ildə rekord səviyyəyə çata bilər. Qeyd edək ki, "Bloomberg" agentliyinin sorğusuna görə, "İncrementum AG" II rübdə ən yaxşı qızıl proqnozçusu olub.

Şirkətin menecerlərindən biri olan Ronald Stofirli (Ronald Stoeferle) bildirib ki, aşağı və ya mənfi faiz siyasəti ilə mərkəzi bankların monetar ekspansiya proqramları çərçivəsində istiqraz alışı dünya iqtisadiyyatını canlandırmağa müvəffəq ola bilməyib. Neft qiymətlərinin artmağa başlaması isə inflyasiyanın yaxın gələcəkdə artmasına səbəb ola bilər. "İnflyasiya arta bilər, bu səbəbdən qızıl ən yaxşı yatırım hesab olunacaq. Mövcud monetar siyasət dünyada davam etdikcə, qızıla investisiya yatırmaq məntiqlidir", - deyə R.Stofirli əlavə edib.

Ekspert qızılın qiymətinin 2016-cı ildə 1 365 dollar/unsiyaya qədər, 2018-ci ildə isə 2 000 dollar/unsiyaya qədər atraraq rekordu yeniləyə biləcəyini bildirib. Xatırladaq ki, qızılın qiyməti 2011-ci ildə 1 921,17 dollar/unsiyaya çataraq tarixi rekord müəyyənləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi