​Proqnoz: Qızıl ucuzlaşmaqda davam edəcək

​Proqnoz: Qızıl ucuzlaşmaqda davam edəcək Son 4 ildə qızılın qiyməti 40% geriləyib
Maliyyə
16 İyul , 2015 10:39
​Proqnoz: Qızıl ucuzlaşmaqda davam edəcək

Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin dünənki çıxışından sonra dünya bazarında qızıl ucuzlaşmağa başlayıb. FES rəhbəri ötən gün məruzəsində 2015-ci ildə ABŞ-da uçot dərəcəsinin artırılması fikrini təsdiq edib. Bununla da uzun müddətdir mübahisələrə səbəb olan faiz artımı məsələsinə nöqtə qoyulub.

"Report" xəbər verir ki, hazırda ABŞ-da uçot dərəcəsi 0-0,25% təşkil edir. C.Yellen açıqlamasında xarici risk faktorlarına, xüsusilə də Çin və Yunanıstan problemlərinə toxunsa da, bu problemlərin ABŞ iqtisadiyyatına bir o qədər də təsiri olmayacağını bildirib. FES hesab edir ki, dünya iqtisadiyyatında artım tendensiyası davam edəcək, bu isə ABŞ iqtisadiyyatına əlavə güc verəcək.

"The Wall Street Journal"a müsahibə verən "Daniels Trading" şirkətinin baş analitiki Con Peyn qeyd edib ki, qızıl bu faiz artımının əsas indikatorudur: "Buna görə də uçot dərəcəsinin artırılması yaxın zamanlarda həyata keçiriləcək".

Xatırlatmaq lazımdır ki, faiz artımı investorların kredit resurslarından istifadəsini məhdudlaşdırdığı üçün qızılın qiymətinə mənfi təsir edir. Qızılın qiymətini azaldan digər amil isə alternativi olan dolların möhkəmlənməsidir.

"Report"un analitik qrupunun təhlilinə görə, beynəlxalq birjalarda qızılın qiyməti 1 130 dollar/unsiya səviyyəsindən aşağı enərsə, artıq qısa müddətdə 980 dollar/unsiyaya düşə bilər. Bu səviyyədə alıcı tapmasa, qızılın 700 dollara qədər geriləməsi mümkündür.

Qeyd edək ki, hazırda bir unsiya qızıl 1 146 dollara satılır. Bu, 2011-ci il avqustun 29-da qızılın satıldığı tarixi maksimum səviyyədən (1 911 dollar/unsiya) 765 dollar və ya 40% aşağıdır.

Son xəbərlər

Orphus sistemi