Yuxarı

Proqnoz: ​Neftin qiyməti ilin ikinci yarısında artacaq

İranda keçirilən bugünkü görüş bazara neqativ təsir edə bilər

Bakı. 17 fevral. REPORT.AZ/ Qlobal neft anlaşmasının taleyi fevralın 17-də İranda keçiriləcək OPEC üzvləri ilə İran arasında görüşdə həll olunacaq. "Report"un "Reuters" və "Bloomberg" agentliklərinə istinadən verdiyi xəbərə görə, OPEC ölkələrinin nümayəndələrindən ibarət heyətin bu gün Tehranda sanksiyalardan əvvəl azad olmuş İranı hasilatın azaldılmasına inandırması lazım gələcək. Bunun üçün İran tərəfinə xüsusi imtiyazlı şərtlərin təklif edilməsi gözlənilir.

Qeyd edək ki, dünən, fevralın 16-da Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı və Venesuelanın neft və energetika nazirlərinin görüşündə hasilatın 11 yanvar səviyyəsində dondurulması barədə razılıq əldə edilib. Rusiya və Səudiyyə Ərəbistanı dünya neft hasilatının 21%-nə sahibdir. 

Almaniyanın "Commerzbank"ına görə, bugünkü görüşdə əsas qərar İran və İraq tərəfindən verilməlidir. Bankın ekspertləri hesab edirlər ki, İraq tərəfi hasilatı dondurmaq qərarına müsbət yanaşsa da, İran tərəfinin bunu qəbul edəcəyi real görünmür. Çünki İran 3 ildir davam edən embarqodan yenicə azad olub və iqtisadiyyatını canlandırmaq üçün neft gəlirlərinə ehityacı var. Dünən İranın neft naziri Bican Namdar Zəngani açıqlamasında də təklifə müsbət yanaşmadığını bildirib.

Britaniyanın "Barclays" bankının analitikləri isə İran və İraqın hasilatın artırılmaq mərhələsində olduqları üçün qlobal neft hasilatını dondurmaq qərarında ən kritik iki ölkə hesab olunur. Digər neft hasilatçısı ölkələr onsuz da hasilatın maksimal səviyyəsindədir. Ona görə də İran və İraqın bugünkü qərarı neft qiymətlərinin gələcəyini həll edəcək.

Hazırkı vəziyyətdə İraq öz maksimal hasilatını dondurmaq və ya azaltmaq fikrinə müsbət yanaşa bilər. Belə ki, Beynəlxalq Enerji Agentliyinin (EIA) hesabatına görə, İraqın gündəlik neft hasilatı yanvar ayında 4,35 mln. barelə çatıb, 2020-ci ilə qədər isə bunun 6 mln. barelə çatdırılması planlaşdırılır.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü görüşdə neft bazarına mənfi təsir edəcək qərarın qəbul ediləcəyi ehtimal olunur və neftin qiymətinin 28-35 dollar/barel diapazonunda qalması proqnozlaşdırılır. İlin ikinci yarısından etibarən isə qiymətlərdə mərhələli artım olacağı gözlənilir. Belə ki, "Deloitte" konsaltinq şirkətinin hesabatına əsasən, fond birlarında səhmləri olan, yəni hesabatları ictimaiyyətə açıq olan 500-dən artıq neft şirkətinin maliyyə vəziyyətinin araşdırılması nəticəsində onlardan 175-nin iflasa yaxın olduğu aşkar edilib. Bu şirkətlərin ümumi cari borcu 150 mlrd. dolları ötüb. Ən neqativ məqam isə ondan ibarətdir ki, bu şirkətlər yeni borc vəsaiti cəlb edə bilmir. Bunların bir qisminin bağlanması isə qlobal hasilatın azalmasına və yekunda qiymətlərin artmasına səbəb ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi