Yuxarı

Proqnoz: ​Funt sterlinqin devalvasiyası davam edəcək

Məzənnə tezliklə bir qədər stabilləşsə də, ilin sonuna doğru devalvasiya davam edəcək

Bakı. 27 iyun. REPORT.AZ/ Britaniya funt sterlinqi cümə günü, iyunun 24-dəki "Brexit" referendumunun müsbət nəticələri ilə başladığı dünya valyuta birjalarındakı azalmanı bu gün də davam etdirir. "Report" xəbər verir ki, iyunun 24-də referendumun nəticələri məlum olduqdan sonra 1,5020 USD/GBP səviyyəsindən kəskin azalmağa başlayan məzənnə günü 8,9% azalma ilə tamamlayıb. Bu, funt sterlinq üçün rekord gündəlik azalma sayıla bilər. Qeyd edək ki, 1992-ci ildə Britaniyanın Avropanın valyuta mexanizmindən imtina etməsi zamanı funt sterlinq sadəcə 4,1% zəifləyib. 

Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının iqtisadi nəticələrini dəyərləndirən investorlar bu gün də funt sterlinqi satmağa davam edirlər. Belə ki, hazırda USD/GBP məzənnəsi 1,7% azalma ilə 1,3440 səviyyəsində qərarlaşıb. Xatırladaq ki, USD/GBP məzənnəsi iyunun 24-də son 21 ilin ən minimal səviyyəsi olan 1,3224 USD/GBP-yə qədər enib.

"Standard Bank Group"un Strateji araşdırmalar Departamentinin müdiri Stiven Barrou (Steven Barrow) hesab edir ki, insanlar "Breixt"in gələcək üçün nə cür fəsadlar yaradacağını dərk etmirlər: "Böyük ehtimalla biz indiyədək funt sterlinq/dollar məzənnəsində builki mümkün azalmanın yarısını artıq gördük".

"Report"un analitik qrupu isə qeyd edir ki, funt sterlinq iyunun 24-də dollarla müqayisədə baş vermiş sərt devalvasiyadan sonra 1,32-1,36 USD/GBP səviyyəsində bir qədər tarazlanacaq. İlin sonuna doğru isə B.Britaniyada açıqlanacaq iqtisadi göstəricilərin pisləşməsi fonunda funt sterlinqdə zəifləmənin davam edəcəyi ehtimal olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi