Yuxarı

Proqnoz: Dolların qısamüddətli zəifləməsi gözlənilir

Bu, BVF-nin Çin yuanı üzrə gözlənilən qərarı ilə bağlıdır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Çin milli valyutası olan yuanın Beynəlxalq Valyuta Fondunun (BVF) ehtiyat pul vahidi olması gözlənilir. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu qərarın BVF-nin gələn ay keçiriləcək xüsusi iclasında verilməsi gözlənilir. Bundan əvvəlki iclas 2010-cu ildə keçirilib, o zaman yuanın "sərbəst valyuta" xüsusiyyəti məqbul sayılmayıb. Görüşlər gizli keçirildiyinə görə adını bildirmək istəməyən 3 mənbədən gələn məlumata əsasən, BVF-nin hesablaşma vahidi olan "xüsusi borcalma hüququ" (SDR) səbətində yer alması ehtimal edilir.  

Qeyd edək ki, hazırda SDR səbəti dollar, avro, yen və sterlinqdən ibarətdir. Əldə olunan məlumatlara görə, Çinin məsul vəzifəli şəxsləri artıq gözlənilən müsbət qərarla bağlı təbriklərə hazırlaşdıqlarını bildiriblər.

Mərkəzi Londonda olan "Standard Chartered" bankı və mərkəzi Frankfurtda olan "AXA Investments Managers" yuan SDR səbətinə qoşulduğu halda dünya valyuta ehtiyatlarının ən azı 1 trln. dollarının yuana dəyişiləcəyini bəyan edib.

BVF-nin regional icraçı direktoru Otaviano Kanuto bildirib ki, Çin keçən həftə Londonda yuan istiqrazlarının emissiyasını həyata keçirib və bu, gələn ay BVF tərəfindən yuxarıda qeyd olunan məsələ ilə bağlı müsbət qərarın verilməsinə təsir edəcək. 

"Report"un Analitik Qrupu hesab edir ki, yuan SDR səbətinə daxil olandan sonra bir çox ölkələr dollarda olan ehtiyatlarının bir hissəsini yuana çevirmək istəyəcək. Bu da yuana tələbin artacağına, dolların isə qısamüddətli də olsa, dünya valyutalarına qarşı zəifləməsinə gətirib çıxara bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi