Yuxarı

Proqnoz: Azərbaycanda geniş mənada pul kütləsinin azalması davam edəcək

Bu tendensiyanın valyuta seqmentində daha ciddi forma alacağı gözlənilir

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə 17 369,5 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 314,5 mln. manat və ya 1,8% azdır. "Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 4 196,9 mln. manat və ya 19,5%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4 002,6 mln. manat və ya 18,7% azalıb. Qeyd edək ki, Azərbaycanda geniş pul kütləsinin maksimal həcmi 2014-cü ilin noyabrında qeydə alınıb və 21 689,8 mln. manat təşkil edib.

Azərbaycanda manatla geniş pul kütləsi noyabrın 1-nə 9 363,6 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 5,3 mln. manat və ya 0,05% azdır. Cari ilin əvvəli ilə müqayisədə bu göstərici 8 072,2 mln. manat və ya 46,3%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 8 006,4 mln. manat və ya 46,1% azdır. Qeyd edək ki, Azərbaycanda manatla geniş pul kütləsinin maksimal həcmi 17 525,2 mln. manat təşkil edib və 2014-cü ilin noyabrında qeydə alınıb.

"Report"un analitik qrupu bildirir ki, son bir ayda manatla geniş pul kütləsində azalma səngiyib. Amma, manatla pul kütləsində son 1 ildə azalma ümumi geniş pul kütləsindəki (xarici valyuta daxil olmaqla) azalmadan daha yüksəkdir. Önümüzdəki dönəmdə manatla geniş pul kütləsinin həcminin 9 mlrd. manat səviyyəsində sabitləşəcəyi, ümumi geniş pul kütləsindəki azalmanın isə 16 mlrd. manata qədər davam edəcəyi gözlənilir. Buna səbəb əhalinin valyuta ehtiyatlarının manata çevrilərək iqtisadiyyata geri dönməsi və sonradan idxal əməliyyatları xətti ilə kapitalın xaricə axını səbəb olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi