Yuxarı

Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların təkmilləşdirilməsi barədə fərman imzalayıb

Bu fərmanın müddəaları vergi yoxlamalarına şamil edilmir

Bakı. 26 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb.

"Report"un məlumatına görə, bu fərmanın müddəalarının vergi yoxlamalarına şamil edilmədiyi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidentinin nəzərdə tutulduğu, həmin qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə İqtisadiyyat və Sənaye Nazirliyinin nəzərdə tutulduğu müəyyən edilib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilsin və bu fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilsin:

yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır;

bu fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır;

sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli fərmanı nəzərə alınmaqla həll edilsin.

Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılma qaydasının təkmilləşdirilməsinə dair təkliflərini İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə İqtisadiyyat və Sənaye Nazirliyinin real vaxt rejimində tam inteqrasiyasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Vergilər Nazirliyi sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırması barədə vergi orqanlarına müraciət etdiyi hər bir hal barədə dərhal İqtisadiyyat və Sənaye Nazirliyini məlumatlandırmalıdır.

İqtisadiyyat və Sənaye Nazirliyinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun və bu fərmanın tətbiqi ilə əlaqədar sahibkarların nazirliyin “Qaynar xətt”inə daxil olan müraciətlərinin operativ araşdırılmasını təmin etmək, sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırmasına dair müraciətləri barədə Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında sahibkarlıq fəaliyyətinin dayandırılması səbəblərinin araşdırılması və həmin səbəblərin aradan qaldırılması üçün mümkün olan tədbirləri görmək və ya təkliflər vermək, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etmək və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun və bu fərmanın tətbiqi nəticələri barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğuna isə tövsiyə edilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanundan və bu fərmandan irəli gələn tələblərin pozulmasına dair məlumatların araşdırılmasını və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlərin görülməsini təmin etsin, bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi