Prezident İlham Əliyev: “İlin I rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artıb”

Prezident İlham Əliyev: “İlin I rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artıb” Dövlət başçısı: “Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır və bu, böyük rəqəmdir”
Maliyyə
10 Aprel , 2017 15:28
Prezident İlham Əliyev: “İlin I rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar artıb”
President.az

Bakı. 10 aprel. REPORT.AZ/ “Bu ilin birinci rübündə Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

“Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq”, - deyən dövlət başçısı əmin olduğunu bildirib ki, il ərzində ölkənin valyuta ehtiyatları artıracaq. Bunun çox önəmli məsələ olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəridir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi”.

Dövlət başçısı bununla bağlı çox operativ tədbirlərin görüldüyünü, iqtisadiyyatın restrukturizasiyası ilə bağlı çox ciddi addımların atıldığını, biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunların qəbul edildiyini diqqətə çatdırıb: “Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq”.

Son xəbərlər

Orphus sistemi