​Prezident: "Hazırda bizim maliyyə vəziyyətimiz sabitdir"

​Prezident: "Hazırda bizim maliyyə vəziyyətimiz sabitdir" "Neft Fondundakı böyük vəsait yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir"
Maliyyə
11 Mart , 2016 00:42
​Prezident: Hazırda bizim maliyyə vəziyyətimiz sabitdir

Bakı. 11 mart. REPORT.AZ/ "Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır:

"Bütün fundamental azadlıqlar təmin edilir – söz azadlığı, toplaşma azadlığı, dini azadlıq, media azadlığı. Bizdə azad internet mövcuddur. Son iyirmi ildir ki, senzura ləğv olunub və vətəndaşlarımızın 70 faizdən çoxu internet istifadəçisidir. Siyasi azadlıqlar iqtisadi islahatlarla dəstəklənir".

Prezidentin sözlərinə görə, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub.

"Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabətqabiliyyətli olub və Davos İqtisadi Forumunun hesablamalarına əsasən rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı dünyada 40-cı yerdədir. Biz əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla da həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.

Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik. Bu, ilk növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın tərkib hissəsi olub və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır. Bu yaxınlarda dediyim kimi, Azərbaycan üçün postneft dövrü artıq başlayıb. Ona görə yox ki, biz hasilatı azaltmışıq. Neftin qiyməti kəskin şəkildə - dörd dəfə aşağı düşüb. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir və məlumat vermək istərdim ki, büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulub. Bu isə hər hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir. Bizim Neft Fondunda böyük vəsaitlərimiz var ki, bu, yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir", - deyə o əlavə edib.

İlham Əliyev bildirib ki, "bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatlar Beynəlxalq Valyuta Fondu tərəfindən də dəstəklənir – yəni, biz düzgün yoldayıq".

Son xəbərlər

Orphus sistemi