Yuxarı

​Prezident: "Əgər bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı"

Bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir

Bakı. 13 aprel. REPORT.AZ/ "Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı".

"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı idxaldan asılılığın azaldılmasının da prioritetlərdən biri olduğunu deyib:

"Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki, təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı. Lakin, bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir".

Prezident ixrac təmayüllü istehsalın da hazırda əsas prioritetlərdən biri olduğunu xatırladıb. Onun sözlərinə görə, bu, əvvəlcə prioritet deyildi:

"Çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin qiyməti aşağı düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal diplomatiya aparmalıyıq. Beynəlxalq bazarlara yeni məhsullarla daxil olmaq asan deyil. Xüsusən də indiki dövrdə, cari geosiyasi vəziyyətdə. Bu halda ənənəvi istehsalçılar ənənəvi bazarlara daxil olmaqda çətinlik çəkirlər".

"Bir sözlə, biz xarici bazarlara nəyi təqdim edə bilərik? Söhbət əsasən asan satıla bilən məhsullardan gedir. Bu səbəbdən iqtisadiyyatın həmin sektorlarına diqqətin yönəldilməsi, xüsusən də infrastruktur sahəsinə diqqət hazırda bir nömrəli məsələ olmalıdır. Biz ixracın stimullaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmışıq. Odur ki, ixraca yönəlmiş iqtisadiyyatı yaratmaq üçün bu sahədə hansı işlərin görülməsini sizdən eşitsək yaxşı olar. Biznes mühitinin yaxşılaşdırılması, əlbəttə ki, əsas prioritetlərdən biridir. Sərmayə mühitinin də təkmilləşdirilməsi bu məqsədlə bağlıdır. Enerji sektorunda çox münbit investisiya mühiti var, çünki bütün pay bölgüsü sazişləri parlament tərəfindən təsdiqlənir və qanun formasını alır. Lakin, əlbəttə, biz eyni vəziyyəti iqtisadiyyatımızın bütün digər sektorlarında da təmin etməliyik ki, investorlar sərmayələrinin qorunmasına tam əmin olsunlar, şərtlərin dəyişdirilməsi, müdaxilələr olmasın. Proqnozlaşdırılan investisiya mühiti mövcud olmalıdır. Biz yalnız bu halda hazırkı şəraitlər əsasında investisiyaları cəlb edə bilərik. Bu, bizə lazımdır. Lakin bunu etmək üçün, - siz daha yaxşı bilirsiniz, – müvafiq şəraitlər olmalıdır. Qanunverici əsaslar, qanunun aliliyi, sərmayələrin qorunması, bürokratik maneələrin, istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyətinə hər hansı qeyri-qanuni müdaxilələrin aradan qaldırılması vacibdir. Fikrimcə, xarici şirkətlər daha yaxşı şəraitdədirlər, çünki bəzən qeyri-qanuni müdaxilə olan halda, onlar birbaşa və ya hökumətləri vasitəsilə məlumat verə bilir və həmin məsələlər öz həllini tapır", - deyə İlham Əliyev diqqətə çatdırıb.

Lakin, prezidentin sözlərinə görə, bəzən yerli şirkətlər ümidsiz, köməksiz qalır. O bunu davamlı iqtisadi inkişafa ən böyük maneələrdən biri adlandırıb:

"Bir sözlə, biz islahatlara, yaxşı idarəçiliyə, biznes üçün daha çox imkanların yaradılmasına, o cümlədən investisiya mühitinə, ixrac potensialının stimullaşdırılmasına və sərmayələrin cəlb edilməsinə olduqca bağlıyıq. Görüləcək iş çoxdur. Fikrimcə, biz məqsədlərimizə nail olacağıq. Eyni zamanda, iqtisadiyyatın elə sektorları var ki, bizim üçün prioritet təşkil edir. Əlbəttə, investisiyaların həmin sektorlara cəlb edilməsi yaxşı olar. Onlardan biri əlavə potensialı, o cümlədən ixrac məhsullarını yarada biləcək kənd təsərrüfatıdır. O, həmçinin məşğulluq məsələlərinə də yardım edə bilər, çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Biz kənd yerlərində artıq müvafiq infrastrukturu yaratmışıq. Qaz, elektrik enerjisi və su ilə təchizatı təmin etmişik. Yollar çəkmişik. Bütün bu layihələr ya tam reallaşıb, yaxud da başa çatmaq üzrədir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi