Prezident: “Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil”

Prezident: “Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil” İlham Əliyev: “Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək”
Maliyyə
30 Yanvar , 2017 14:44
Prezident: “Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil”

Bakı. 30 yanvar. REPORT.AZ/ “Deyə bilərəm ki, 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər”. 

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib: "Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür. Bax, budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan öz işini reytinq almaq üçün qurmur: "Ancaq, əlbəttə, belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha da sevindirir, eyni zamanda, bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərmirik. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik".

Prezident İlham Əliyev hesab edir ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir: "Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür".

Son xəbərlər

Orphus sistemi