"PAŞA Həyat Sığorta" lizinq şirkətinin istiqrazlarını alıb

"PAŞA Həyat Sığorta" lizinq şirkətinin istiqrazlarını alıb Lizinq şirkəti dollar istiqrazlarına illik 14% divident ödəyəcək
Maliyyə
30 Sentyabr , 2016 10:11
PAŞA Həyat Sığorta lizinq şirkətinin istiqrazlarını alıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Finans Lizinq" ASC-nin bu ay qapalı üsulla "Bakı Fond Birjası" QSC-də yerləşdirdiyi dollar və manat istiqrazlarını "PAŞA Həyat Sığorta" ASC alıb. Bu barədə "Report"a maliyyə bazarındakı mənbə bildirib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası lizinq şirkətinin istiqraz emissiyasını sentyabrın 1-də qeydə alıb. Emissiyaya əsasən, hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 200 və hər birinin nominal dəyəri 500 manat olan 200 istiqraz dövriyyəyə buraxılıb. Prosesin anderrayteri qismində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC çıxış edib.

3 il müddətinə buraxılan istiqrazlar üzrə illik faiz dərəcəsi manatda 15%, dollarda isə 14% təşkil edib. Bu isə bazardakı mövcud vəziyyət baxımından olduqda yüksək gəlirlilik göstəricisidir. Faizlər investorun istəyindən asılı olaraq aylıq və yaxud rüblük ödəniləcək.

Xatırladaq ki, "Finans Lizinq" şirkəti 2007-ci ilin mayından fəaliyyət göstərir, nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyeva, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova məxsusdur.

"PAŞA Həyat Sığorta" şirkəti isə 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi