"PAŞA Həyat Sığorta" bazara yeni məhsul çıxaracaq

"PAŞA Həyat Sığorta" bazara yeni məhsul çıxaracaq Mürsəl Rüstəmov: "Devalvasiya bizə nəinki mənfi, əksinə, müsbət təsir edib"
Maliyyə
23 İyun , 2016 12:14
PAŞA Həyat Sığorta bazara yeni məhsul çıxaracaq

Bakı. 23 iyun. REPORT.AZ/ Son bir ildə “PAŞA Həyat Sığorta” ASC-nin yığımları təxminən 20% artıb. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycan manatının iki dəfə devalvasiyaya uğraması və bunun nəticəsində bank sektorunda yaranmış vəziyyət fonunda banklardan gələn müştərilərin sayı azalıb, əvəzində korporativ müştərilərin sayı artıb: “İcbari sığorta növü üzrə satışı 15% artırmışıq. Həmçinin, yığım sığortasında ciddi artım var. Bunun nəticəsində sığorta haqlarının böyük hissəsi könüllü növlərin payına düşür. Bu il üçün 50 mln. manatdan artıq yığım proqnozlaşdırırıq. Düşünürəm ki, bu ilin sonu-gələn ilin əvvəlinə bazar sabitləşəcək”.

M.Rüstəmov onu da bildirib ki, rəhbərlik etdiyi şirkət devalvasiyadan qazancla çıxıb: “Sığorta şirkətlərinin əksəriyyətində risk menecmenti yoxdur. Lakin bizdə iki ildir ki, bu iş görülür. Əvvəlcədən riskləri düzgün qiymətləndirmişdik, vəsaitlərimizi etibarlı banklar və müəyyən investisiya alətlərində yerləşdirmişdik. Son nəticədə devalvasiya bizə nəinki mənfi, əksinə, müsbət təsir edib”.

“PAŞA Həyat Sığorta”nın rəhbəri qeyd edib ki, şirkət yaxın vaxtlarda bazara yeni sığorta məhsulu çıxarmağı planlaşdırır: “Söhbət “Ailəmizin PAŞA güvənliyi" adlı məhsuldan gedir. Bu, yığım sığortasına bənzər bir məhsuldur və gələcəyə hesablanıb”.

Son xəbərlər

Orphus sistemi