​"PAŞA Bank" ilk yarımilliyi 20 mln. manatdan artıq mənfəətlə başa vurub

​"PAŞA Bank" ilk yarımilliyi 20 mln. manatdan artıq mənfəətlə başa vurub Bankın AMB qarşısında öhdəlikləri II rübdə 8 dəfə artıb
Maliyyə
8 Avqust , 2016 17:37
​PAŞA Bank ilk yarımilliyi 20 mln. manatdan artıq mənfəətlə başa vurub

Bakı. 8 avqust. REPORT.AZ/ Bu il iyulun 1-nə "PAŞA Bank" ASC-nin cəmi aktivləri 2 038,42 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Bankın aktivlərinin 35,8%-ni və yaxud 730,638 mln. manatını müştərilərə verilən kredit və lizinqlər təşkil edib. Bu, illik müqayisədə 13,9% çoxdur.

Son bir ildə "PAŞA Bank"ın cəmi öhdəlikləri 29,05% artaraq 1 663,322 mln. manata, cəmi kapitalı isə 5,5% artaraq 375,098 mln. manata çatıb.

Bankın öhdəliklərinin 76,6%-ni və yaxud 1 274,236 mln. manatını onun depozit portfeli təşkil edib. Bu da bir il əvvəllə müqayisədə 33,8% çoxdur.

"PAŞA Bank"dakı fiziki şəxslərin müddətli depozitləri 180,766 mln. manat təşkil edib və bu göstərici son bir ildə 80,8% artıb.

Bu ilin II rübündə "PAŞA Bank" Azərbaycan Mərkəzi Bankından (AMB) 20 mln. manat borc alıb və qurumun qarşısında öhdəliklərini 23 mln. manata çatdırıb.

Hesabat yarımilliyində "PAŞA Bank"ın faiz gəlirləri 49,633 mln. manat, faiz xərcləri 16,639 mln. manat, qeyri-faiz gəlirləri 43,195 mln. manat, qeyri-faiz xərcləri 32,998 mln. manat təşkil edib. Bununla da, Bankın xalis əməliyyat mənfəəti 43,192 mln. manat olub.

"PAŞA Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 15,551 mln. manat yönəldib, 7,312 mln. manat isə mənfəət vergisi ödəyib. Son nəticədə Bank 2016-cı ilin ilk yarısını 20,329 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, "PAŞA Bank" 2015-ci ilin birinci yarısından 873 min manat xalis zərərlə çıxıb.

Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33 300 manat olan 10 000 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 60%-i "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi