“Partnyor vergi ödəyicisi” statusu əldə edən ödəyicilərə bildirişlər təqdim edilib

“Partnyor vergi ödəyicisi” statusu əldə edən ödəyicilərə bildirişlər təqdim edilib İndiyə qədər partnyor vergi ödəyicisi statusu əldə etmək üçün vergi orqanlarına 585 müraciət daxil olub
Maliyyə
22 Fevral , 2017 11:23
“Partnyor vergi ödəyicisi” statusu əldə edən ödəyicilərə bildirişlər təqdim edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamentində nazirliyin rəhbər vəzifəli şəxslərinin şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri (partnyor ödəyicilər) ilə görüşü keçirilib.

"Report" xəbər verir ki, tədbiri vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov açıb.

Görüşdə edilmiş dəyişikliklərin əsas məqsədləri və istiqamətləri, struktur dəyişiklikəri, vergi ödəyicilərinə göstərilən xidmətlər və s. barədə görüş iştirakçılarına məlumat verilib. Nazirlik rəsmiləri bildirib ki, məqsəd sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır.

Görüş iştirakçılarına vergi ödəyicilərinə xidmət sahəsində görülmüş işlər, ünvanlı vergi xidmətləri barədə də məlumat verilib.

Sonra görüş iştirakçıları üçün “Şəffaf vergi partnyoluğu layihəsi və onun üstünlükləri” mövzusunda təqdimat keçirilib. Bildirilib ki, “Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları“ vergi ödəyicilərinin müəyyən edilməsi meyarları, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.

Təqdimatda vurğulanıb ki, partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz prinsipi” əsasında xidmət göstəriləcək. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir. Koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyatı vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər. Partnyor vergi ödəyicilərinin siyahısı, onların razılığı əsasında, mütəmadi olaraq açıqlanacaq. Bu digər vergi ödəyiciləri üçün də nümunə olacaq və onlar intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər. Qeyd edilib ki, “Yaşıl dəhliz” layihəsinin uğurlu tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi əməletmənin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaqdır.

Sonra bir qrup vergi ödəyicisinə partnyor vergi ödəyicisi statusunu təsdiqləyən bildirişlər təqdim edilib. Partnyor vergi ödəyicisi statusunu əldə etmiş sahibkarlardan bir neçəsi çıxış edərək bu statusun onlara yeni imkanlar yaradacığını və biznesin aparılmasına kömək edəcəyini vurğulayıblar.

Bakı Lokal Gəlirlər Departamentinin Xidmət Mərkəzində partnyor ödəyicilərə göstərilən xidmətlər - “Yaşıl dəhliz” masası, kuratorla video-görüntünün yaradılması və partnyor ödəyicilər üçün ayrılmış xüsusi xətt vasitəsilə 195 Çağrı Mərkəzinə zəng nümayiş etdirilib.

KİV nümayəndələrinin suallarını cavablandıran vergilər nazirinin müşaviri Ə.Məmmədov bildirib ki, partnyor vergi ödəyicisi statusunu əldə etmək üçün vergi orqanlarına 585 vergi ödəyicisindən müraciət daxil olub. Vergilər Nazirliyinin vergi risklərinin təhlili strukturları tərəfindən aparılmış araşdırmalardan sonra 443 vergi ödəyicisinin (bunlardan 194-ü Bakı şəhərində olmaqla) müraciəti müsbət cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi