Yuxarı

​Parlamentin iqtisadi komitəsi dövlət büdcəsinə dəyişiklikləri müzakirə edib

İcmal büdcənin gəlirləri 982 mln. manat və ya 6% azaldılır

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

"Report"un "Azərtac"a istinadən verdiyi xəbərə görə, Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən MM-ə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməsi barədə sənəddir.

Maliyyə naziri Samir Şərifov bildirib ki, sözügedən düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır. Həmçinin, təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün mənfi amillər yaradır. Bu səbəbdən Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar yaranır. "Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır", - deyə nazir qeyd edib.

Yenidən baxılacaq 2016-cı ilin icmal büdcəsi üzrə əsas dəyişikliklər barədə danışan S.Şərifov bildirib ki, builki icmal büdcəsinin gəlirləri 15 738,6 mln. manat nəzərdə tutulur və bu, təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcəni neft gəlirlərinin hesablanması üçün bir barel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 230,3 mln. manat azalması hesabınadır.

S.Şərifov əlavə edib ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanması zamanı neftin baza qiyməti 25 dollar/barel götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. Bu il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 822 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozla müqayisədə 2 256 mln. manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 mln. manat və ya 2% azdır.

Büdcə daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə gəlirlər 7 597 mln. manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icrası ilə müqayisədə 659,2 mln. manat və ya 4,8 faiz bəndi çoxdur.

Qeyd edilib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010 mln. manat daxilolma nəzərdə tutulur. Bu, ilkin proqnozdan 408 mln. manat və ya 6,2% çox, 2015-ci ilin yekununa nisbətən isə 108,3 mln. manat və ya 1,5% azdır.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810 mln. manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 mln. manat çoxdur. Digər gəlirlər üzrə daxilolmalar isə 75 mln. manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 mln. manat və ya 21% çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.

Çıxış edənlər bildiriblər ki, qlobal iqtisadi proseslər dövründə büdcə layihəsinə yenidən baxılması ölkəyə dəyən zərərin azaldılması istiqamətində atılan məqsədyönlü addımlardan biridir.

İclasın yekununda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi