Yuxarı

Palata: Likvidlik probleminin həlli üçün "Bank Standard"a vəsait ayırılıb - YENİLƏNİB

Aktivlərin keyfiyyətinin pisləşməsi ilə bağlı Bankda likvidlik zəifləyib

İlk xəbər saat 11:13-də verilib

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası "Bank Standard" QSC-yə müvəqqəti inzibatçılıq təyin edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

R.Aslanlı qeyd edib ki, aktivlərin keyfiyyətinin pisləşməsi ilə bağlı Bankda likvidlik zəifləyib: "Palata həmin banka yoxlama təyin edib. İlkin qənaətə görə, səhmdarların üzləşdiyi çətinliyi həll etmək üçün Bank yetərli resurlara malik deyil. Palata bu qərarı verib. Kritik likvidlik probleminin həlli üçün dövlət maliyyə vəsaiti ayırıb. Maliyyə vəsaitləri Bankın hesablarına köçürülüb".

***

Onun sözlərinə görə, fiziki və hüquqi şəxslərə əmanətlərin ödənilməsi dayandırılıb. R.Aslanlı qeyd edib ki, vəziyyətlə bağlı bir ay müddətinə moratorium elan olunub, Banka dövlət dəstəyinin həcmi tam müəyyənləşdirəcək və bir ay sonra əmanətlərin ödənişi bərpa olunacaq.

"Artıq bu gündən ayrılmış likvidlik hesabına əmək haqqı ödənişlərinə başlanılıb. Müvəqqəti inzibatçı öhdəliklərin icrası ilə məşğul deyil, Bankın idarəetməsini öz üzərinə götürüb. Həmçinin, verilmiş kreditlərin toplanması ilə məşğul olacaq. "Bank Standard" sistem əhəmiyyətli bankdır, əmanətlərin həcminə görə ikinci bankdır. Buna görə maliyyə dayanıqlığının bərpası üçün dövlət bütün lazımi tədbirləri görməyə hazırdır", - deyə MBNP rəhbəri bildirib.

Direktorlar Şurasının sədri qeyd edib ki, müvəqqəti inzibatçılıq 3 ay müddətinə təyin olunub: "İlkin olaraq, Banka 15 mln. manat ayrılıb. Proqramın məqsədi təkcə likvidliyin deyil, uzunmüddətli dayanıqlığın təminatına yönəldilib. İyunun 3-dən etibarən hüquqi və fiziki şəxslərə depozitlər üzrə ödənişlər bərpa olunacaq".

"Hazırda 37 bankın hər birinə nəzarət edirik. Hər hansı başqa bankda dayanıqsızlıq kimi hal proqnozlaşdırmırıq. Bütün hallara hazırıq, maliyyə vəsaitləri baxımından dövlət yetərli inzibati resurslara malikdir. "Bank Standard", əhəmiyyəti nəzərə alınaraq sağlamlaşdırılacaq", - deyə R.Aslanlı əlavə edib.

Palata sədri vurğulayıb ki, qaytarılması şərtilə "Bank Standard"a dövlət yardımı 6 ay müddətinə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi