Yuxarı

"Oxfam": Hər 2 gündə dünyada bir yeni milyarder yaranır

"Oxfam": Hər 2 gündə dünyada bir yeni milyarder yaranır
Dünya əhalisinin 1%-ni təşkil edən zənginlər qlobal varidatın 82%-nə sahibdirlər

Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən il dünyada zəngin insanların məcmu varidatı daha 762 mlrd. dollar artıb.

"Report" RBC-yə istinadən xəbər verir ki, bu barədə "Oxfam" beynəlxalq təşkilatı Davosda keçiriləcək iqtisadi forum öncəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, dünya əhalisinin 1%-ni təşkil edən zənginlər qlobal varidatın 82%-nə sahibdirlər. Dünyadakı 3,7 mlrd. insanın isə 2017-ci ildə varidatı sabit qalıb. Son 7 ildə zəngin insanların varidatı 13% artım göstərib.

Hesabatın tərtibatçısı qeyd edib ki, zənginlər, əsasən, işçilərin əmək şəraitinin pisləşməsi hesabına varlanıblar. "Oxfam"ın icraçı direktoru Vinni Byanima (Winnie Byanyima) hesab edir ki, milyarderlərin sayının artması iqtisadiyyatın çiçəklənməsi deyil, əksinə, sistemin çökməsi deməkdir.

"Oxfam"a görə, dünyadakı 3,6 mlrd. insanın varidatı 426 mlrd. dollara bərabərdir və 8 zəngin insan - Bill Geyts (75 mlrd. dollar), Amansio Orteqa (67 mlrd. dollar), Uorren Baffet (60,8 mlrd. dollar), Karlos Slim (50 mlrd. dollar), Cef Bezos (45,2 mlrd. dollar), Mark Tsukerberq (44,6 mlrd. dollar), Lari Ellison (43,6 mlrd. dollar) və Maykl Blumberqin (40 mlrd. dollar) məcmu varidatı ilə eyni səviyyədədir.

"Oxfam" dünyada 2 043 milyarderin olduğunu və ötən il hər 2 gündə bir milyarderin yarandığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi