Nyu-York məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xeyrinə qərar çıxarıb

Nyu-York məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xeyrinə qərar çıxarıb Xalid Əhədov: "Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi"
Maliyyə
29 İyun , 2017 15:50
Nyu-York məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xeyrinə qərar çıxarıb

Bakı. 29 iyun. REPORT.AZ/ Nyu-York (ABŞ) məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tanınması barədə müraciətinə baxıb və bir qrup kreditorun ehtirazını rədd edərək, bankın xeyrinə qərar çıxarıb. 

Bu barədə “Report”a ABB-nin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, bankın aktivlərinin xarici kreditorların ABŞ məhkəmələrindəki iddia tələblərindən qorunması qət edilib. Belə ki, bu yekun qərara əsasən, restrukturizasiya prosesinin davam etdiyi müddətdə xarici kreditorlar ABB-yə və onun ABŞ-dakı aktivlərinə qarşı hər hansı iddia irəli sürə bilməyəcək.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən, xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklərin bu qərarla aradan qalxdığını bildirib: “Bəzi kreditorların restrukturizasiya prosesinə etirazı məhkəmə tərəfindən qəbul olunmadı. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi. Restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi uğurlu olacaq”.

Qeyd edək ki, səsvermənin nəticələri 18 iyul 2017-ci il tarixində nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq.

Son xəbərlər

Orphus sistemi