​Norveç neft gəlirlərini İran istiqrazlarına yatırır

​Norveç neft gəlirlərini İran istiqrazlarına yatırır İranın qısamüddətli istiqrazları 20%-dək gəlirliliyə sahibdir
Maliyyə
7 Mart , 2016 20:41
​Norveç neft gəlirlərini İran istiqrazlarına yatırır

Bakı. 7 mart. REPORT.AZ/ Norveç hökuməti Rifah Fondunun 810 milyard dollarlıq vəsaitinin bir hissəsini İran istiqrazlarına investisiya etməyə icazə verib. "Report" "Bloomberg" saytına istinadən xəbər verir ki, Norveç Maliyyə Nazirliyi İran dövlət istiqrazlarına tətbiq edilən qadağanı ləğv etdiyini bildirib. Qeyd edək ki, alışlar Norveçin Qlobal Pensiya Fondu tərəfindən həyata keçiriləcək. Qlobal Pensiya Fondu 6,955 trln. Norveç kronu və ya 810 mlrd. dollar vəsaitə sahibdir və 2006-cı ilə qədər Neft Fondu adlanıb. Norveç hökuməti 2015-ci ilin oktyabr ayında 2016-cı ildə yaranacaq büdcə kəsirlərini örtmək üçün ilk dəfə Fondun mənbələrindən istifadə ediləcəyini bəyan edib. Bu il Fond 204 mlrd. kron gəlir əldə edəcək, 208 mlrd. kronun isə iqtisadiyyatın stimullaşdırılması və büdcə kəsirinin örtülməsi üçün xərclənməsi nəzərdə tutulub.

"Bloomberg"dən verilən məlumata görə, Norveç aktiv şəkildə inkişaf etmiş ölkələrin dövlət istiqrazlarına investisiya qoyaraq gəlirlərini artırır. Bu səbəbdən İran iqtisadiyyatını cəlbedici sayır və onun istiqrazlarının rus və ya türk istiqrazlarından 2 dəfə çox gəlir gətirdiyini bildirib. Agentliyin hesabatına əsasən, İranın qısamüddətli istiqrazları təxminən 4,5 mlrd. dollar təşkil edir və gəlirliliyi 20%-dən yüksəkdir.

Agentlik hesab edir ki, İran borc bazarı getdikcə daha da cəlbedici olacaq və ölkə reytinq təşkilatları tərəfindən qiymətləndirildikdən sonra daha rahat və ucuz qiymətlə istiqrazlarını emissiya edə biləcək. İran ona tətbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra SWİFT sisteminə yenidən qoşulub, 100 mlrd. dollar dondurulmuş vəsaiti geri qaytarılıb və neft ixracına icazə verilib. İran ilin sonuna qədər neft hasilatını gündəlik 1 mln. barel artırmağı planlaşdırdığını açıqlayıb.

"Report"un analitik qrupu hesab edir ki, Azərbaycan-İran münasibətlərinin müsbət inkişaf etdiyi dövrdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da vəsaitlərinin bir hissəsini İran istiqrazlarına investisiya edərək gəlirlərini artıra bilər. Qeyd edək ki, ARDNF-nin gəlirləri 2015-ci ildə 1,24%, Norveç Neft Fondunun 1998-2014-cü illər arasında ABŞ dolları ekvivalentində gəlirləri isə orta hesabla 6,3% təşkil edib.

Son xəbərlər

Orphus sistemi