​Neftin qiyməti gələn il 71 dollar/barel olacaq - PROQNOZ

​Neftin qiyməti gələn il 71 dollar/barel olacaq - PROQNOZ Deputat: Neftin 10 dollar ucuzlaşması dövlət büdcəsinə 230-340 mln. dollar zərər yetirir
Maliyyə
22 Yanvar , 2015 14:33
​Neftin qiyməti gələn il 71 dollar/barel olacaq - PROQNOZ

Bakı. 22 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin orta qiymətinin 2015-ci ildə 54,58 ABŞ dolları/barel, 2016-cı ildə isə 71 dollar/barel olacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bu gün Bakıda keçirdiyi ekspert müzakirələrində məlumat verilib.

Tədbiri giriş sözü ilə açan ADR Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib ki, neftin ucuzlaşması və rublun dəyərdən düşməsi ilə bağlı Rusiyadan 150 mlrd. dollar civarında kapital çıxarılıb və bu öz növbəsində Azərbaycana da təsir edəcək: "Rusiya yalnız neftin ucuzlaşmasından 120 mlrd. dollar itirib. Ölkədən çıxarılan pul isə 150 mlrd. dollardan çoxdur. Bu proseslərin ölkəmizə təsiri var. Xüsusən də bu təsir psixoloji səviyyədə özünü büruzə verəcək. Azərbaycan Mərkəzi Bankının təxminən 15 mlrd. dollar ehtiyatı var və təkcə ötən il ərzində AMB 1 mlrd. dollardan çox pul xərcləyib”.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İqtisadiyyat və uçot İdarəsinin rəis müavini Ənvər Qasımov dünya bazarında neftin uculaşmasının SOCAR-ın fəaliyyətinə ciddi təsir etməyəcəyini bildirib. Onun fikrincə, bunu beynəlxalq reytinq agentliklərinin açıqladığı göstəricilər də təsdiq edir.

Milli Məclisin deputatı Vahid Əhmədov isə neftin ucuzlaşmasının əvvəlcədən proqnozlaşdırılmadığını deyib: "Biz 2015-ci ilin dövlət büdcəsində neftin qiymətini 90 dollar/barel göstərmişik. Lakin neft ucuzlaşmaqda davam edir. Neftin qiymətinin hər 10 dollar ucuzlaşması dövlət büdcəsinə 230-340 mln. dollar təsir edir. Hazırkı prosesləri analiz edəndə deyə bilərik ki, dünya bazarında neftin qiyməti 60 dolları keçməyəcək. Həmçinin, ölkəyə Rusiyada işləyənlərin hesabına göndərilən pulun da miqdarında kəskin azalma var. Neftin ucuzlaşması bizdə neft sektorunda ciddi problemlər yaradacaq. Amma hesab edirəm ki, bu, sosial müdafiə sahəsində hansısa problem yaratmayacaq. Əgər bu proses davam edərsə, gələcək illərdə hansısa problemlərlə qarşılaşa bilərik. Biz çalışıb qeyri-neft sektorunu inkişaf etdirməliyik".

Millət vəkili manatın dəyəri ilə bağlı yaranan polemikaya da aydınlıq gətirməyə çalışıb: "Bəzi fikirlər var ki, manatın məzənnəsini liberallaşdırmaq lazımdır. Amma mən düşünürəm ki, manatın məzənnəsinin tənzimləməsində dövlət nəzarəti davam etdirilməlidir və Mərkəzi Bank özü vəzifəsini yerinə yetirməlidir".

Son xəbərlər

Orphus sistemi