​"NBC Bank" ilk yarımilliyi 3 mln. manat xalis mənfəətlə başa vurub

​"NBC Bank" ilk yarımilliyi 3 mln. manat xalis mənfəətlə başa vurub Bankın məcmu kredit portfelinin təxminən 60%-i xarici valyutadadır
Maliyyə
25 İyul , 2016 15:52
​NBC Bank ilk yarımilliyi 3 mln. manat xalis mənfəətlə başa vurub

Bakı. 25 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısının yekununda "NBC Bank" ASC-nin cəmi aktivləri 153,044 mln. manata çatıb. "Report" xəbər verir ki, bu, Bankın sonuncu dəfə maliyyə hesabatını açıqladığı ötən ilin noyabr ayının yekunu ilə müqayisədə 0,8% çoxdur.

Son 7 ayda "NBC Bank"ın cəmi öhdəlikləri 1,6% artaraq 101,531 mln. manat, cəmi kapitalı isə 0,6% azalaraq 51,513 mln. manat olub.

Bankın aktivlərinin 76,3%-ni və yaxud 116,714 mln. manatını müştərilərə verilən kreditlər təşkil edib. Kredit portfelinin təxminən 60%-i xarici valyutadadır.

"NBC Bank"ın öhdəliklərinin isə 73,6%-ni və yaxud 74,771 mln. manatını depozit portfeli təşkil edib. Bunun da 91,3%-i və yaxud 68,288 mln. manatı fiziki şəxslərin müddətli depozitləridir. Əhalinin Banka qoyduğu əmanətlərin təxminən 90%-i xarici valyutada yerləşdirilib.

Birinci yarımillikdə "NBC Bank"ın faiz gəlirləri 9,201 mln. manat, faiz xərcləri 4,156 mln. manat, qeyri-faiz gəlirləri 1,24 mln. manat, qeyri-faiz xərcləri isə 2,32 mln. manat təşkil edib. Nəticədə, Bankın xalis əməliyyat mənfəəti 3,965 mln. manat olub.

Bank aktivlər üzrə zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 1,127 mln. manat vəsait yönəldib. Beləliklə, "NBC Bank" 2016-cı ilin ilk yarısını 2,838 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu Bank" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 000 205 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 268,8 manat olan 238 096 səhm əsasında formalaşıb. Bankın səhmlərinin 91,25%-i 6 fiziki şəxsə, 8,75%-i isə 2 hüquqi şəxsə məxsusdur.

Bank "Nurgun Group" Şirkətlər Qrupuna daxildir. Elə Bankın hüquqi şəxs olan səhmdarlarından biri adı çəkilən holdinq, fiziki şəxs olan səhmdarların biri isə holdinqin prezidenti Nuru Yaşar oğlu Əliyevdir. 

Son xəbərlər

Orphus sistemi