Yuxarı
    Bağlamaq

    ​Samir Şərifov: Qeyri-münbit iqtisadi fonda ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq

    Cari ilin I rübündə 26,3 mlrd. manat ÜDM istehsal olunmaqla real artım 5,7 faiz təşkil edib

    Bakı. 13 İyul. REPORT.AZ/ "Qeyri-münbit iqtisadi fonda 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər".

    "Report" xəbər verir ki, bunu iyulun 13-də Nazirlər Kabinetinin Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov çıxışında bildirib.

    "2015-ci ildə ölkəmizin xarici-iqtisadi siyasətinin Asiya vektorunun möhkəmləndirilməsində nəzərəçarpan addımlar atılıb. May ayında Bakıda 67 ölkənin üzv olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının keçirilməsi Asiya və Sakit okeanı regionunda iqtisadi inkişafın və təkamülün təmini istiqamətində növbəti bir mərhələ olmaqla yanaşı, ölkəmizin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığının genişlənməsinə böyük imkanlar açıb. Bundan başqa, Sizin tapşırığınızla Azərbaycan Respublikasının yeni yaradılan və Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək Asiya İnfrastruktur İnvestisiya Bankına təsisçi üzv kimi qoşulması təmin olunub", - deyə nazir əlavə edib.

    Onun sözlərinə görə, cari ildə qlobal iqtisadi artım proqnozu növbəti dəfə Beynəlxalq Valyuta Fondu tərəfindən aşağı salınıb (ilin əvvəlində BVF tərəfindən artıq ikinci dəfədir ki, proqnoz aşağı salınır) ki, bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir.

    "Yunanıstanın borc öhdəliklərinə xidmət etmək iqtidarında olmaması səbəbindən avrozonanı tərk etmə riski ilə üzləşməsi, Çinin iqtisadi artım sürətinin geriləməsi və fond birjalarındakı təlatümlər qlobal iqtisadi artım proqnozuna mənfi təsir göstərən əsas amillərdən olmaqla, xammal məhsullarına, o cümlədən neft və neft məhsullarının qiymətlərinə də mənfi təsir göstərməkdədir.

    Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5 faiz artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir", - deyə S.Şərifov diqqətə çatdırıb.

    O qeyd edib ki, mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub.

    "Heç şübhəsiz ki, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur.

    Bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır", deyə nazir vurğulayıb.

    S.Şərifov bildirib ki, göstərilən qeyri-münbit iqtisadi fonunda 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurlu hesab oluna bilər.

    "Belə ki, cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil etmiş, qeyri-neft sektoru üzrə isə daha çox, yəni, 9,2 faiz artım əldə edilib.

    Cari ilin fevral ayında manatın xarici valyutalara nisbətdə ucuzlaşmasına baxmayaraq, ölkədə istehlak qiymətlər indeksi (inflyasiya) olduqca qənaətbəxş səviyyədə – 3,5 faiz olub.

    Eyni zamanda, qeyd edilməlidir ki, ölkə prezidentinin göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə-iqtisadi təşkilatlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) yaranmış makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənib.

    Aparıcı reytinq agentlikləri də öz növbəsində (Fitch Ratings və Standard and Poor`s) bu qiymətləndirməni bölüşmüş və cari ilin birinci yarısında keçirdikləri reytinq dəyərləndirmələri əsasında Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-“ investisiya səviyyəsində bir daha təsdiq edib", - deyə nazir çıxışında qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi