​Nazir müavini: "Torpaq vergisinin az toplanması anlaşılandır"

​Nazir müavini: "Torpaq vergisinin az toplanması anlaşılandır" Millət vəkili büdcə xərclərinin tam icra olunmamasından şikayət edib
Maliyyə
20 May , 2015 17:26
​Nazir müavini: Torpaq vergisinin az toplanması anlaşılandır

Bakı. 20 may.REPORT.AZ/ Azərbaycanın 2014-cü il dövlət büdcəsinin xərclər hissəsinin 93% səviyyəsində icra olunması neqativ əlamətdir. 

"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında ötənilki büdcənin icrasının müzakirəsi zamanı deputat Vahid Əhmədov bidlririb: "Yəni büdcə 6,7% icra olunmayıb - 1,3 mlrd. manat vəsaiti icra etməmişik. İcranın aşağı olması büdcə sistemi üçün yaxşı hal hesab olunmur. Düzdür, sosial layihələr tam həyata keçirilib, lakin büdcə xərclərinin 93% icrası yaxşı əlamət deyil".

V.Əhmədov həmçinin yol və torpaq vergiləri üzrə icra vəziyyətinin aşağı səviyyədə olmasına da diqqət çəkib və bildirib ki, bu, təhlil olunmalıdır: "Torpaq vergisi 48 mln. manat proqnoza qarşı 35 mln. manat, yol vergisi isə 49 mln. manata qarşı 22 mln. manat icra olunub".

İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, 2014-cü il büdcəsinin icrası zamanı izafi xərclərə yol verilməyib. Əmək haqları maliyyələşməsinin 100%, investisiya xərclərinin 99% icra olunduğu bir vaxtda 1,729 mlrd. manat büdcə qalığının qalması da bunu bir daha göstərir. Onun sözlərinə görə, belə bir vəziyyətdə əsas göstəricilər icra olunmaqla belə bir qalığın qalması əksinə müsbət haldır.

Müzakirələr zamanı nazir müavini qeyd edib ki, yol və torpaq vergilərinin icra vəziyyətinin aşağı olması obyektiv səbəblərlə bağlıdır: "Torpaq vergisi spesifik vergidir, müəssisələrin işləyib-işləməməsindən asılı olmayaraq hesablanır. Ona görə də bu verginin icrasının aşağı olması anlaşılandır".

İcbari tibbi sığortaya hər il ayrılan və istifadəsiz qalan məbləğə gəlincə A.Bayramov həmin vəsaitin müvafiq qanunun qəbulundan sonra xərclənməsinin mükünlüyünü vurğulayıb.

Büdcə xərclərinin aylar üzrə qeyri-mütənasib olması ilə bağlı fikirlərə cavab olaraq nazir müavini bildirib ki, büdcənin 47%-i birinci, 53%-i ikinci yarımillikdə xərclənib. Dekabrda xərclərin çox olmasına gəlincə isə qeyd edib ki, bu, faktiki xərclərlə hesabat xərcləri arasındakı müəyyən fərqlərlə bağlıdır: "Dekabrda müxtəlif layihələrin yekunlaşması ilə faktiki xərclərin yüksək olması tamamilə normaldır".

Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə olunuraq parlamentin plenar iclasına tövsiyə olunub. Bu iclasın mayın 29-da keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi