Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Büdcə xərclərinin daha çox artırılması fəsadlar yarada bilər"

    Maliyyə nazirinin müavini Azər Bayramov

    Bakı. 13 noyabr. REPORT.AZ/ "Gələn ilin büdcə xərclərini 3 mlrd. manata yaxın artırmışıq. Büdcə xərclərini bundan daha çox artırmaq başqa iqtisadi fəsadlara gətirib çıxara bilər".

    "Report"un verdiyi xəbərə görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov deputatların büdcədən müxtəlif sahələrə əlavə vəsaitlərin ayrılması ilə bağlı təkliflərini cavablandırarkən deyib.

    O, büdcədə neftin baza qiyməti ilə bağlı da ən uyğun variantın seçildiyini qeyd edib: "Bu gün Dövlət Neft Fondunda kifayət qədər vəsait var və lazım olan zaman həmin vəsaitlərdən istifadə edəcəyik. 2018-ci ildə neftin nəzərdə tutulan qiyməti heç də pessimist variant deyil, reallığa yaxın səviyyədir".

    Nazir müavini səhiyyə sahəsindəki artımın əsasən sığortadakı pilot layihələrlə bağlı olduğunu deyib, deputatların büdcənin sosial deyil, tikinti yönümlü olması ilə bağlı fikirləri ilə razılaşmayıb.

    "Biz hər zaman ayrılmış vəsaitlərin nəticə yönümlü olmasını nəzərə alırıq. Büdcənin 36,6%-i sosial yönümlü vəsaitdir. Həmçininin, investisiyalar da hər il artır. İnvestisiya da sosial müdafiə tədbirlərinin bir hissəsidir", - A.Bayramov əlavə edib.

    Hökumət rəsmisi deyib ki, yarımçıq qalan idman obyektlərinin tikintisinə vəsait ayrılması daha məqsəduyğundur. Çünki həmin obyektlərin özlərini maliyyələşdirməsində yaxşı təcrübə yoxdur.

    Nazir müavini bildirib ki, 2018-ci ilin dövlət büdcəsində yanacaq, benzin və işığa görə ayrılan xərclərin artırılması gələcəkdə qiymət artımının olacağı demək deyil: “Bu xərclərin artımı artıq baş vermiş qiymət artımının büdcədə nəzərdə alınması deməkdir. Bildiyiniz kimi, bu yaxınlarda qiymət artmışdı, 2017-ci ilin büdcəsi isə həmin dövrdə artıq qəbul edilmişdi və 2017-ci ildə bu məbləğlər həyata keçməmişdi”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi