Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 14-15-də Bakı Fond Birjasında (BFB) “Naxçıvan Tikinti Materialları” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, əqdlər müəssisənin 21 547 və 43 092 səhminin realizə edilməsini nəzərdə tutur. ASC-nin nizamnamə kapitalının 242 min manat olduğunu və bu məbləğin hər birinin nominal dəyəri 2 manat olan 121 min səhm əsasında formalaşdığını nəzərə alsaq, sövdələşmə nəticəsində "Naxçıvan Tikinti Materialları"nın səhmlərinin 53,42%-nin sahibinin dəyişdiyini demək olar.
Xatırladaq ki, tikinti materialları istehsalçısının səhmləri BFB-də ticarətə dekabrın 12-də buraxılıb. Birjanın Listinq Komitəsinin həmin gün qəbul etdiyi qərarla qiymətli kağızlar alternativ bazar seqmentində listinqə daxil edilib.