Ötən il Naxçıvanda büdcəyə proqnozdan 13,4 mln. manat artıq vəsait mədaxil edilib

Ötən il Naxçıvanda büdcəyə proqnozdan 13,4 mln. manat artıq vəsait mədaxil edilib Bakı. 17 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Maliyyə
17 Yanvar , 2019 10:31
Ötən il Naxçıvanda büdcəyə proqnozdan 13,4 mln. manat artıq vəsait mədaxil edilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

“Report” xəbər verir ki, kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması, yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub. Bu dövrdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2% icra olunmaqla, büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsaitin mədaxil edilməsi təmin edilib.

Büdcə gəlirlərinin 84,3%-i və ya 73 milyon 205 min 241 manatı Vergilər Nazirliyi, 10,8%-i və ya 9 milyon 378 min 630 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılıb, 4,3%-i və ya 3 milyon 743 min 409 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6%-i və ya 467 min 599 manatı isə digər mənbələr hesabına icra olunub.

Qeyd edilib ki, iqtisadi təsnifata uyğun olaraq ötən il muxtar respublika dövlət büdcəsi xərclərinin 34%-i və ya 169 milyon 88 min manatı əməyin ödənişinə, 9,8%-i və ya 48 milyon 567 min manatı malların, işlərin və xidmətlərin satın alınmasına, 3%-i və ya 14 milyon 804 min manatı subsidiyalar və cari transferlərə, 0,2%-i və ya 750 min manatı ipoteka kreditlərinin ayrılmasına, 3,5%-i və ya 17 milyon 645 min manatı təqaüdlər və sosial müavinət xərclərinə, 27,2%-i və ya 135 milyon 244 min manatı icarə və muzdlu xidmətlərə, mənzil fondunun, müxtəlif təyinatlı obyektlərin, yolların əsaslı təmirinə və digər xərclərə, 22,3%-i və ya 110 milyon 911 min manatı isə qeyri-maliyyə aktivlərinin alınmasına sərf edilib. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin icrasında sosialyönümlü – əməyin ödənilməsi, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinə 2017-ci illə müqayisədə 4 milyon 697 min manat, yaxud 2,4% çox olmaqla, 197 milyon 304 min manat vəsait xərclənib ki, bu da 2018-ci il büdcə xərclərinin 39,7%-ni təşkil edib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların satın aldığı mal-material və avadanlıqların real dəyəri ilə realizə edilməsinə, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət həyata keçirilməklə ötən il 2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb. Bundan başqa, dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamalar zamanı əmək intizamına əməl edilməməsi, ayrılan vəsaitlərin təyinatına uyğun istifadə olunmaması, əməkhaqqının artıq hesablanması, büdcə vəsaitlərindən istifadə qaydalarının pozulması, müəyyən olunmuş smetadan kənara çıxılması, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi halları aşkarlanaraq rəsmiləşdirilib, qanunamüvafiq qaydada intizam tənbehi, cərimələr və digər tədbirlər tətbiq edilib. Əsassız xərc, cərimə və dəymiş zərərə görə 371 min manat məbləğində vəsait dövlət büdcəsinə geri qaytarılıb.

Bildirilib ki, ötən il Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum – Maliyyə Tədris Mərkəzi və Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb: “Qeyd olunan bütün dəyişikliklər maliyyə sistemi iştirakçılarının vəzifə öhdəliklərini artırır və onların işə daha məsuliyyətli yanaşmasını tələb edir. Cari ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün maliyyə orqanları büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə dövlət nəzarətini daha da gücləndirməli, maliyyə sistemi əməkdaşları qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün yüksək səy göstərməli, dövlət büdcəsinin icrası istiqamətində bütün zəruri tədbirləri həyata keçirməlidir. Sonra məruzə ətrafında çıxışlar dinlənilib, nazirliyin cari il üçün iş planı təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi