Nariman Mannapbekov: "Azərbaycanla reallaşdıracağımız yeni strategiya Direktorlar Şurasına təqdim olunacaq" - EKSKLÜZİV

Nariman Mannapbekov: "Azərbaycanla reallaşdıracağımız yeni strategiya Direktorlar Şurasına təqdim olunacaq" - EKSKLÜZİV Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla tərəfdaşlığın 2019-2023-cü illəri əhatə edən yeni strategiyasını razılaşdırmağın ilk mərhələsini başa vurub.
Maliyyə
8 Aprel , 2019 13:44
Nariman Mannapbekov: Azərbaycanla reallaşdıracağımız yeni strategiya Direktorlar Şurasına təqdim olunacaq - EKSKLÜZİV

"Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla tərəfdaşlığın 2019-2023-cü illəri əhatə edən yeni strategiyasını razılaşdırmağın ilk mərhələsini başa vurub".

Bunu “Report”a ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib.

O bildirib ki, büdcəsi və əsas istiqamətləri bu həftə razılaşdırılacaq strategiyanın yaxın vaxtlarda bankın Direktorlar Şurasına təqdim ediləcəyi gözlənilir.

Yeni strategiyaya daha çox Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara texniki dəstək məsələlərinə üstünlük verdiklərini söyləyən nümayəndəlik rəhbəri hazırda 2019-2021-ci illəri əhatə edən biznes planını da hökumətlə razılaşdırdıqlarını vurğulayıb.

Ümumiyyətlə, bankın saytında yerləşdirilən sənədin ilkin variantına görə, Azərbaycanda enerji, təhsil, maliyyə, İKT, dövlət idarəçiliyi, şəhər infrastrukturu kimi sahələrdəki layihələrə ADB üç il ərzində 815 milyon dollar ayırmağa hazırdır. O cümlədən enerji sisteminin modernləşdirilməsinə 335 milyon dollar, dövlət idarəçiliyinin daha səmərəli vəziyyətə gətirilməsinə isə 250 milyon dollar vəsait qoymaq nəzərdə tutulur.

Mövcud qaydaya görə, hər il yenilənəcək biznes planında həmçinin Azərbaycanın regional əməkdaşlıq və inteqrasiya təşəbbüslərinə bundan sonra da dəstək verəcəkləri vurğulanır.

Xatırladaq ki, Asiya İnkişaf Bankı üzvlüyünə 1999-cu il dekabrın 22-də qəbul olunan Azərbaycanın bu bankın kapitalındakı payı 0,5 faizdir. ADB 2003-cü ildən Azərbaycanda dövlət və özəl sektorlarda 30-dan çox layihənin həyata keçirilməsi üçün cəmi 4 milyard dollardan çox kreditin verilməsini dəstəkləyib. Bankın göstərdiyi texniki dəstəyin ümumi məbləği 30 milyon dollara yaxındır.

İlahə Məmmədli

Son xəbərlər

Orphus sistemi