"Muğanbank" istiqrazlarını bazardan yığışdırır

"Muğanbank" istiqrazlarını bazardan yığışdırır Martın 16-dan isə Bank yeni layihəsinə start verir
Maliyyə
11 Mart , 2016 14:26
Muğanbank istiqrazlarını bazardan yığışdırır

Bakı. 11 mart. REPORT.AZ/ “Muğanbank” ASC tərəfindən emissiya olunmuş adsız istiqrazların dövriyyəsi bu il martın 15-dən dayandırılır. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Muğanbank”ın Bakı şəhəri, Ə.Rəcəbli,21B ünvanında yerləşən baş ofisində martın 15-də saat 10:00-da adsız istiqrazların sonuncu, 51-ci tirajı keçiriləcək. İstiqraz sahibləri istiqrazlarını sonuncu tiraj tarixindən 730 gün ərzində geri qaytara bilərlər.

Martın 16-dan isə “Muğanbank” yeni layihəsinə start verir, “Muğan Çek” adlı məhsulu müştərilərinə təqdim edir. Bank tərəfindən 10 mln. manat dəyərində 200 min ədəd “Muğan Çek” dövriyyəyə buraxılır. Tirajda iştirak etmək üçün dəyəri 50 manat olan “Muğan Çek” almaq yetərlidir.

“Muğan Çek” üzrə hər tirajın uduş fondu 87 500 manat, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edəcək. Maksimal uduş məbləği 10 min manatdır. Birinci tiraj 30 aprel 2016-cı il tarixində keçiriləcək.

“Muğan Çek” sahiblərinə hər bir tiraj barədə məlumat veriləcək və istənilən şəxs "Muğanbank"ın baş ofisinə gələrək tirajda iştirak edə biləcək. “Muğan Çek” dövriyyədə olduğu müddətdə çek sahiblərinə hər təqvim ili ərzində 8 uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək.

Tirajın keçirilməsi barədə tiraja azı 3 iş günü qalmış mətbuat orqanında və bankın rəsmi internet səhifəsində (www.muganbank.az) məlumat yerləşdiriləcək. Uduş tirajının rəsmi cədvəli tiraj bitdikdən sonra mətbuat orqanlarında dərc ediləcəkdir. Qeyd edək ki, adsız istiqrazların sahibləri istiqrazları heç bir əlavə xərc ödəmədən, baş ofis və filiallarda “Muğan Çek”lərə dəyişdirə bilərlər.

Son xəbərlər

Orphus sistemi