Yuxarı

​Azərbaycanda müflisləşmə prosesi konkretləşdirilir

“Müflisləşmə və iflas haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında” qanunlara dəyişiklik edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Milli Məclisin plenar iclasında “Müflisləşmə və iflas haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında” qanunlara dəyişiklik edilib.

“Report”un verdiyi xəbərə görə, hər 4 qanuna edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb. Belə ki, “Banklar haqqında” qanuna edilən dəyişikliyə əsasən, aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək. Qeyd edək ki, dəyişiklikdən öncə bu müddət konkretləşməmişdi. Xatırladaq ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır.

“Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik də eyni müddəanı nəzərdə tutur. Belə ki, sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.

“Müflisləşmə və iflas haqqında” qanuna edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı müvafiq olaraq ”İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək.

Qeyd edək ki, təkmilləşdirmədə bu qanunun bütün kommersiya təşkilatlarına (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilməsi nəzərdə tutulur. 

Eyni zamanda, qanunda bu qanunun Mərkəzi Banka şamil edilməməsi maddəsi saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi