​"Moody's": MDB-də devalvasiya daha çox Belarus, Tacikistan və Azərbaycana təsir edir - YENİLƏNİB

​"Moody's": MDB-də devalvasiya daha çox Belarus, Tacikistan və Azərbaycana təsir edir - YENİLƏNİB Rusiyadakı resessiya Belarus, Qazaxıstan, Azərbaycan, Tacikistan, Özbəkistan və Ermənistana təzyiq edir
Maliyyə
17 İyul , 2015 10:07
​Moody's: MDB-də devalvasiya daha çox Belarus, Tacikistan və Azərbaycana təsir edir - YENİLƏNİB

İlk xəbər saat 09:40-da verilib

Bakı. 17 iyul. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi MDB ölkələri üzrə dərc etdiyi son iqtisadi hesabatında devalvasiya ilə bağlı yaranan xoşagəlməz amillərin daha çox Belarus, Tacikistan və Azərbaycanda əks olunacağını bildirib. "Report"un hesabata istinadən verdiyi xəbərə görə, proses Özbəkistanda bir qədər mülayim keçəcək. Çünki bu ölkədə sərt valyuta nəzarəti var və milli valyutanın (som) zəifləməsi tədricən həyata keçirilir.

"Moody's" daha sonra məruzəsində Rusiyada baş verən resessiya və dünya bazarında neft qiymətlərinin düşməsinin MDB ölkələrinin 6 üzvünün banklarında mənfi təsir göstərəcəyini qeyd edib. Bu, Belarus, Qazaxıstan, Azərbaycan, Tacikistan, Özbəkistan və Ermənistandır. Səbəb olaraq isə bu ölkələrdə yerli valyuta üzərində yaranan gərginliyin davam etməsi, həmin dövlətlərin Rusiyada çalışan vətəndaşlarının öz ölkələrinə göndərdikləri pul vəsaitinin azalması və Rusiyaya ixracın azalması amilləri göstərilib.

***

Banklara olan təzyiqin əsas səbəbi kimi verilən kreditlərin əksər hissəsinin xarici valyutada, kreditalanların gəlirlərinin yerli valyutada olması amili göstərilir. Agentlik adı çəkilən ölkələrdə devalvasiyanın davam edəcəyi təqdirdə borcalanların ödəmə qabiliyyətinin kəskin zəifləyəcəyini, nağd xarici valyuta qıtlığı, valyuta aktiv və passivləri arasında kəskin fərq, xarici valyutada artan aktivlərin risk amilinin kapital üzərində yaradacağı təzyiq kimi mənfi halların yarana biləcəyini vurğulayır.

"Moody's" Azərbaycan və Qazaxıstanda neft qiymətlərinin düşməsi səbəbi ilə iqtisadi aktivliyin azalacağını, bunun bank aktivlərinin keyfiyyətini aşağı salacağını, lakin dövlət xərclərinin bu mənfi təsiri balanslaşdıracağını qeyd edir.

Agentlik Rusiya iqtisadiyyatı üçün bu il 3% azalma, 2016-cı ildə isə neytral vəziyyət proqnozlaşdırır. Proqnoz neftin 2015-ci ildə 60 dollar/barel, 2016-cı ildə isə 65 dollar/barel olacağı halda nəzərdə tutulub.

Bununla yanaşı, Qazaxıstan tengesinin 2016-cı ilin sonuna qədər 20% devalvasiyaya məruz qalacağı ehtimal olunur. Agentlik hesab edir ki, Qazaxıstan bankları Özbəkistan bankları ilə müqayisədə daha böyük risklərlə üzləşəcək. Ermənistanda milli valyutanın (dram) zəif devalvasiyası səbəbindən ölkə iqtisadiyyatı mənfi təsiri bir o qədər də hiss etməyəcək. Lakin ölkədəki yüksək dollarlaşma devalvasiya davam edəcəyi təqdirdə bankların aktivlərinin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.

"Moody's" bildirib ki, 2015-ci ilin ilk rübündə Rusiyadan MDB ölkələrinə pul transferti 1,9 mlrd. dollar olub və bu, 2014-cü ilin ilk rübü ilə müqayisədə 47% azdır. Transfertlərin azalması əsasən Tacikistana mənfi təsir göstərəcək. Çünki bu ölkənin ÜDM-nin önəmli hissəsi Rusiyakı əmək miqrantlarının vətənə göndərdiyi maliyyə vəsaiti hesabına formalaşır.

Rusiya iqtisadiyyatının zəifləməsi əsasən Belarus banklarına ciddi təsir göstərib. İlk rübdə Rusiyaya ixracın azalması Belarus banklarının aktivlərinin keyfiyyətinə mənfi təsir göstərib.

Son xəbərlər

Orphus sistemi