Yuxarı
    Bağlamaq

    "Moody's" Azərbaycan banklarının reytinqini açıqlayıb - GENİŞ VERSİYA

    Kapital Bankın problemli kreditləri azalıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 kommersiya bankının kredit reytinqini və reytinq proqnozunu aşağı salıb. Agentlik "Bank VTB (Azerbaijan)", "Bank of Baku" və "Unibank" ASC-nin kredit reytinqi və proqnozunu , "Xalq Bank", "Bank Respublika" və "Kapital Bank" ASC-nin reytinq proqnozunu azaldıb, "Beynəlxalq Bank" ASC-nin kredit reytinqi və proqnozunu isə dəyişməyərək təsdiq edib.

    "Bank VTB (Azerbaijan)" ASC-nin kredit reytinqi "b2"dən "caa1"-ə, uzunmüddətli depozit reytinqi "B1"-dən "B2"-ə endirilib, reytinq üzrə proqnoz isə "neqativ" olaraq qiymətləndirilib. Agentlik qərarını, Bankın manatın devalvasiyasından sonra kapitallaşma əmsallarının normativlərdən aşağı düşməsi səbəbi ilə verdiyini bəyan edib. Bundan əlavə, xarici valyutada verilən yüksək həcmdə kreditlər səbəbindən onların ödənilməsində problemlərlə üzləşmə ehtimalının olduğunu qeyd edilir. Eyni zamanda, Bankın depozit reytinqi Rusiyada yerləşən əsas təsisçi - "Bank VTB" ASC-nin mümkün maliyyə dəstəyini özündə əks etdirir.

    "Moody's" agentliyi "Bank VTB (Azerbaijan)"ın əsasən xarici maliyyələşmə hesabına kapitallaşdığını və xarici valyutada kreditlərin 44%-nin (2015-ci ilin III rübü etibarilə) istehlak kreditlərinə ayrıldığını və bunun geri ödənilməsində ciddi problemlərin yaşanacağını qeyd edib. 2015-ci ilin III rübün nəticələrinə görə, Bankın 90 gündən artıq olan problemli kreditlərin payı 9,1%-ə çatıb. Qeyd etmək lazımdır ki, bu göstərici 2014-cü ilin yekununda 4,5% olub. "Moody's" problemli kreditlərin daha da artacağını, bunun da mənfəət və kapitala mənfi təsir edəcəyini proqnozlaşdırır.

    "Bank of Baku" ASC-nin kredit reytinqi isə Agentlik tərəfindən daha sərt azaldılaraq "b1"-dən "b3"-ə, uzunmüddətli depozit reytinqi isə "B2"-dən "B3"-ə endirilib, reytinq üzrə proqnoz isə "neqativ" olaraq qiymətləndirilib. Bankın aktivlərinin keyfiyyəti və mənfəətliliyinin manatın devalvasiyası səbəbindən ciddi mənfi təsirə məruz qaldığı bildirilib, zərərləri maliyyələşdirmə imkanlarının yaxın 12-18 ayda minimal səviyyədə olacağı qeyd olunub. Dekabrda baş verən ikinci devalvasiyanın Bankın aktivlərinə ciddi mənfi təsir edəcəyi bildirilir, belə ki, 2015-ci il dekabrın 1-nə Bankın kreditlərinin 27%-i xarici valyutada olub. "Moody's" hesab edib ki, Bankın zərərini yaxın 12-18 ayda maliyyələşdirmə imkanları məhduddur. Çünki, ehtiyatlardan ayırmalar artır və xarici valyutanın yenidən qiymətləndirilməsi səbəbindən 14,5 mln. manat zərər qeydə alınıb.

    "Moody's" agentliyi "UniBank" ASC-nin kredit reytinqini daha sərt şəkildə azaldaraq "b2"-dən "b3"-ə, uzunmüddətli depozit reytinqini isə "B2"-dən "B3"-ə endirib, reytinq üzrə proqnoz isə "neqativ" kimi qiymətləndirilib. Bankın aktivlərinin keyfiyyəti və mənfəətliliyinin manatın devalvasiyası səbəbindən ciddi mənfi təsirə məruz qaldığı bildirilib. Ötən ilin dekabrın 1-nə Bankın kredit portfelinin 44%-i xarici valyutada olub və ikinci devalvasiya aktivlərin keyfiyyətinə daha da mənfi təsir edəcək. İstehlak kreditləri sahiblərinin gəlirlərinin xarici valyutada olmaması səbəbindən borclarını ödəməkdə çətinlik çəkəcəyi vurğulanıb. İstehlak kreditləri, bank kartları və təmin olunmamış kreditlərin Bankın məcmu kreditlərinin 59%-ni təşkil etdiyi qeyd olunub. Bankdan verilən məlumata görə, 2014-cü ilin yekununda 6,8% olan problemli kreditlərin həcmi, 2015-ci il oktyabrın 1-nə 14,3%-ə yüksəlib. Agentlik bu göstəricinin daha da artmasını proqnozlaşdırır. Kapital adekvatlığı əmsalı və I dərəcəli kapitalın adekvatlıq əmsalı 2016-cı il yanvarın 1-nə 14,4% və 11,7% təşkil edib. Qeyd edək ki, bu əmsallar 2015-ci il dekabrın 1-nə 16,4% və 14,2% olub.

    "Moody's" beynəlxalq reytinq agentliyi "Xalq Bank" ASC-nin kredit reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib. Qərara səbəb olaraq Bankın kredit portfelinin keyfiyyətinin zəifləməsi və artan ehtiyat ayırmaları göstərilib. 2015-ci il dekabrın 1-nə Bankın xarici valyutada kredit portfeli məcmu kreditlərin 50%-ni təşkil edib, 20 böyük kreditin I dərəcəli kapitalı 400% üstələməsi aktivlərin keyfiyyətinin pozulmasına gətirib çıxara bilər.

    Buna baxmayaraq, Bankın kapitalın adekvatlıq əmsalı 23%, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 22.2%-ə bərabər olması likvidlik və zərərin örtülməsini təmin edir. Agentlik qeyd edib ki, lazım olduqda "Xalq Bank" ASC dövlət dəstəyi ala biləcək Azərbaycanın 4-cü böyük bankıdır və bazar payı 4%-ə bərabərdir.

    "Moody's" agentliyi "Bank Respublika" ASC-nin kredit reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib. Səbəb kimi manatın devalvasiyası nəticəsində Bankın aktivlərinin keyfiyyətinin azalması və mənfəətliliyinin düşməsi göstərilib. Agentlik Bankın 90 gündən artıq problemli kreditlərinin 2014-cü ilin yekunundakı 1,2%-dən 2015-ci ilin III rübün sonuna 8,2%-ə yüksəldiyini qeyd edib. Bankın 2015-ci ildə valyuta kreditlərinin bir hissəsini Mərkəzi Bankın tövsiyyəsi ilə milli valyutaya çevirməsi nəticəsində xarici valyutada kreditlərin həcmi 2014-cü ilin sonunda 44%-dən 2015-ci il dekabrın 1-nə 28%-ə enib. 2015-ci il dekabrın 1-nə kapitalın adekvatlıq əmsalı 20,4%, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 13,8% olub. Agentliyin hesablamalarına görə, Bankın kapitallaşma səviyyəsi dekabr devalvasiyasından sonra 3 bənd azalıb. Lakin buna baxmayaraq, Bankın valyuta mövqeyinə görə zərərləri maliyyələşdirəcəyi və yüksək likvidliyi qoruyub saxlayacağı qeyd olunur.

    Bundan başqa, Agentlik "Kapital Bank" ASC-nin kredit reytinqini "b1", uzunmüddətli depozit reytinqini "Ba3" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "stabil"dən "neqativ"ə salıb. Səbəb olaraq manatın devalvasiyası nəticəsində Bankın aktivlərinin keyfiyyətinin zəifləməsi və mənfəətliliyinin düşməsi göstərilib. Agentlik Bankın depozitlər üzrə reytinqini dövlət dəstəyi və bazar payı diqqətə alınaraq bir pillə artıra biləcəyini qeyd edib.

    "Moody's" Bankın 90 gündən artıq olan problemli kreditlərin həcminin 2014-cü ildə 7,7%-dən 2015-ci ilin oktyabrın 1-nə 6,7%-ə düşdüyünü qeyd edib. Buna baxmayaraq, 2015-ci ilin III rübündə 30 gündən çox olan problemli kreditlərin artaraq 8,1%-ə yüksəldiyi bildirilir. Bankın kreditlərinin demək olar ki, yarısının istehlak kreditləri olması və Bankdan əmək haqqı və ya pensiya alan öz müştəriləri olması səbəbindən risk böyük ölçüdə azaldılıb. Bankın 2016-cı il yanvarın 1-nə kapital və I dərəcəli kapitalın adekvatlıq əmsallarının 19,5% və 14,7% olduğu qeyd edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi