Yuxarı

"Moody's" agentliyi "Kapital Bank"ın reytinqini təsdiqləyib

Rəy: Bankın pərakəndə kreditləşməni artırması kreditlərin keyfiyyətinə mənfi təsir göstərir

Bakı. 9 dekabr. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi "Kapital Bank" ASC-nin uzunmüddətli yerli və xarici valyutada depozit reytinqini "Ba3" səviyyəsində təsdiq edib. "Report"un "Moody's"ə istinadən verdiyi xəbərə görə, Bankın kredit qabiliyyətliliyinin baza qiymətləndirilməsi (b1) dövlət tərəfindən ehtimal olunan sistemli dəstəyə əsaslanıb. Agentlik, reytinq qiymətləndirilməsini Bankın ölkədə geniş filial və şöbə şəbəkəsinə sahib olması, yaxın keçmişdə kapitalın yenidən maliyyələşməsi və yüksək mənfəəftliliyi ilə əsaslandırır.

Agentlik, "Kapital Bank"ın uzunmüddətli kredit reytinqi üzrə proqnozunu isə "stabil" kimi qiymətləndirib.

"Moody's" agentliyi "Kapital Bank" ASC-nin 90 gündən artıq olan problemli kreditlərinin 2015-ci il oktyabrın 1-nə məcmu kreditlərin 6,7%-ni təşkil etdiyini bildirib. Agentlik bu göstəricinin keçən ilin analoji dövründə 7,7% olduğunu, azalmanı kredit portfelinin həcminin artması ilə əlaqələndirib. Bankın son zamanlar pərakəndə kreditləşmənin artırılmasının kreditlərin keyfiyyətinə mənfi təsir göstərdiyini qeyd edir. Bankın xarici valyutanın məcmu kreditlərin 25%-ni təşkil etdiyini və manatın yeni devalvasiyası olarsa, digər banklardan daha az mənfi təsirə məruz qalacağını bildirir.

Bankın 2015-ci il noyabrın 1-nə birinci dərəcəli kapitalı və kapitalın adekvatlılıq əmsalının müvafiq olaraq 14% və 17,9% təşkil etdiyini vurğulayıb (minimal tələb - 6% və 12%). Devalvasiyadan əvvəl 35% olan valyuta depozitlərinin məcmu depozit portfelində xüsusi çəkisi III rübün sonuna 46%-ə yüksəlib. Açıq valyuta mövqeyi isə normativlərə uyğun olaraq kapitalın 10%-dən azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi