​"Moody's" agentliyi "Bank of Baku"nun reytinqini zəiflədib - YENİLƏNİB

​"Moody's" agentliyi "Bank of Baku"nun reytinqini zəiflədib - YENİLƏNİB "Bank of Baku"nun reytinqi üzrə proqnoz "neqativ"ə endirilib
Maliyyə
31 İyul , 2015 11:00
​Moody's agentliyi Bank of Bakunun reytinqini zəiflədib - YENİLƏNİB

İlk xəbər saat 09:53-də verilib

Bakı. 31 iyul. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi "Bank of Baku" ASC-nin depozitlər üzrə reytinqinin proqnozunu "stabil"dən "neqativ"ə endirib. 

"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, "Moody's" agentliyi "Bank of Baku"nun uzunmüddətli xarici və yerli valyutada olan depozitlər üzrə reytinqini "B1" səviyyəsində saxlayıb.

***

Proqnozun endirilməsi Bankın aktivlərinin keyfiyyətinin düşməsi və mənfəətliliyinin azalması ilə izah edilir. Agentlik digər səbəblər arasında Bankın müştərilərinin kredit qabiliyyətinin zəifləməsi, xarici valyutada risklərin "hedge" edilməməsi, sürətlənən inflyasiya və maliyyə resurslarının maya dəyərinin artması amillərini də göstərib.

"Moody's" aktivlərin keyfiyyətinin mənfi trendinin gələcəkdə Bankın mənfəətinə ciddi təsir edəcəyini bildirib. Son illər Bankın istehlak kreditlərinin həcminin artması fevralda baş verən yerli valyutanın devalvasiyasından sonra aktivlərin keyfiyyətini aşağı salıb. Qeyd edək ki, "Bank of Baku"nun xarici valyutada olan istehlak kreditləri məcmu kredit portfelinin 28%-ni təşkil edir. Agentlik bildirib ki, ölkədə inflyasiyanın sürətlənməsi kredit ödəyicilərinin gəlirlərini azaltdığı üçün onların kredit borclarını ödəməsi prosesini çətinləşdirir.

Eyni zamanda, Agentlik Bankın ilkin gəlirlərinin aktivlərin orta qiymətinə olan nisbətinin 2013-cü ildəki 11,9%-dən 2014-cü ildə 13,1%-dək artmasını, xərclərin gəlirlərə nisbətinin 2013-cü ildəki 36,8%-dən 2014-cü ildə 33,8%-dək geriləməsini müsbət qiymətləndirir. Buna baxmayaraq, yerli kredit resurslarının bahalaşması səbəbindən Bankın yaxın 12-18 ayda mənfəət əldə etməyəcəyi və ya çox cüzi mənfəətlə fəaliyyət göstərəcəyi qeyd olunur.

Agentlik "Bank of Baku"nun birinci dərəcəli kapitalının 2014-cü ilin sonuna 12,4% və kapitalın adekvatlıq əmsalının 21,3% olmasının yaxın 12-18 ayda zərərləri örtməyə qadir olacağını, ehtiyatların isə problemli kreditləri 123% üstələdiyini bildirib.

Hesabatda yaxın 12-18 ayda Bankın reytinqinin yüksəldilməsi imkansız olduğu bildirilsə də, proqnozun yenidən "stabil"ə qədər artırılması mümkün sayılır. Bu, aktivlərin keyfiyyətinin yüksəlməsi və kapitallaşmanın artırılmasına bağlı olacaq.

Son xəbərlər

Orphus sistemi