Yuxarı

Monitorinq: Qrivna Avropa və MDB-nin ən zəif valyutasıdır

Bu regionda daha çox İsveçrə frankının dəyəri artıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Ukraynanın milli valyutası - qrivna 2015-ci ildə Avropa və MDB ölkələri arasında ən çox zəifləyən üç əsas valyutadan biri olub. Belə ki, il ərzində qrivna 48,7% devalvasiyaya uğrayıb. Son iki ildə isə Ukrayna valyutası 193,4% devalvasiya olunaraq, Avropa və MDB məkanında ən zəif performans göstərən pul vahidi olub.

"Report" xəbər verir ki, Ukraynadakı "ForexClub" şirkətinin aparıcı eksperti Andrey Şevçişin qeyd edib ki, 2016-cı ilin ilk yarısında da valyuta tələbatının təmin olunmasında problemlər yaranacaq və tələb əsasən xarici tərəfdaşların kreditləri hesabına ödəniləcək. İlin ikinci yarısından isə ixracın artması gözlənilir ki, bu da ölkəyə valyuta axınını artıracaq.

Qeyd edək ki, MDB məkanında il ərzində ən çox devalvasiyaya uğrayan digər iki valyuta - Belarus (54,3%) və Qazaxıstan (85,2%) pulu olub. 

Avropa valyutaları arasında isə Norveç kronu ən yüksək devalvasiya (15,8%) ilə üzləşib. Bildirmək lazımdır ki, Norveç Avropanın ən böyük neft hasil edən ölkəsidir.

Qitənin ən sabit valyutaları isə revalvasiya olan İsveçrə frankı (-0,3%), devalvasiya olan İslandiya kronu (1,4%) və Britaniya funt sterlinqidir (3,6%).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi