​Mərkəzi bankların valyuta ehtiyatları sürətlə azalır

​Mərkəzi bankların valyuta ehtiyatları sürətlə azalır Bu, valyuta bazarında məzənnələrdə ciddi dalğalanmalara səbəb olur
Maliyyə
8 Oktyabr , 2015 11:36
​Mərkəzi bankların valyuta ehtiyatları sürətlə azalır

Bakı. 8 oktyabr. REPORT.AZ/ Dünyada mərkəzi bankların valyuta ehtiyatları sürətlə azalır. Buna səbəb milli valyutaların sabitliyinin qorunması üçün xərclənən vəsaitlərdir. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, valyuta ehtiyatlarında ən çox azalma Çində baş verib və Çin Mərkəzi Bankı yuanı dəstəkləmək üçün keçən ilin ortalarından etibarən 480 mlrd. dollar xərcləyib. Qeyd edək ki, bu rəqəm Yunanıstan iqtisadiyyatından iki dəfə çoxdur.

ABŞ -ın "Amherst Pierpont Securities" investisiya şirkətinin analitiki Robert Sinş bildirib ki, mərkəzi banklar tərəfindən təmin olunan likvidlik tədricən bitir və bu, valyuta məzənnələrindəki dəyişikliklərdə sərt dalğalanmalara səbəb olur. Onun fikrincə, bir tərəfdən Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini yüksəltmək istəməsi, digər tərəfdən Çinin valyuta ehtiyatlarının azalması valyuta dalğalanmalarına münbit zəmin yaradır. Bu vəziyyət valyuta treyderlərinə yüksək qazanc əldə etmək fürsəti yaratsa da, dünya iqtisadiyyatında, xüsusən də Çinə xammal ixrac edən ölkələrdə yaranan problemləri əks etdirir. Dünya valyutalarında sərt dalğalanmaların orta qiyməti 2011-ci ilin maksimal səviyyəsini ötüb. Yuanın devalvasiyasından sonra Çin Mərkəzi Bankı III rübdə milli valyutanın qorunmasına rekord həddə - 179 mlrd. dollar xərcləyib.

Avstraliyanın "Westpac Banking" banklar qrupunun valyuta analitiki Sin Kallou bildirib ki, Çin ehtiyatlarının azalması ölkədə baş verən stress vəziyyətini əks etdirir. Bu, digər ölkələrdə təşvişin yaranmasına gətirib çıxara bilər. Hazırda bir çox ölkədə mərkəzi bank valyutanı qorumaq üçün vəsait xərcləyir. Belə ki, Rusiya son iki ildə rublu qorumaq üçün 160 mlrd. dollar xərcləyib.

Qeyd edək ki, Azərbaycanın da valyuta ehtiyatları 2014-cü ilin avqust ayından etibarən azalmağa başlayıb. Oktyabrın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 8 149,2 mlrd. dollar və ya 53,6% azalıb. Ümumilikdə, Neft Fondunun (II rübün nəticələri) vəsaitləri də nəzərə alınmaqla, ölkənin valyuta ehtiyatlarında azalma 18,4% olub.

Son xəbərlər

Orphus sistemi