Yuxarı

​Mərkəzi bankların sərvətləri rekord həddə çatıb

Monetar ekspansiyalar qlobal iqtisadiyyatı canlandıracaq

Bakı. 14 mart. REPORT.AZ/ Dünyanın ən böyük 6 mərkəzi bankının məcmu sərvətləri son 10 ildə 239% artaraq 4,9 trln. dollardan 16,9 trln. dollara yüksəlib. "Report"un ABŞ Milli İnflyasiya Agentliyinə (NİA) istinadən verdiyi xəbərə görə, nəticədə, bu sərvətlərin məcmu ÜDM-ə nisbəti isə 14%-dən 36%-ə çatıb. Qeyd edək ki, mərkəzi bankların sərvətləri valyuta, qızıl, qiymətli kağızlar, səhmlər və s. ibarətdir.

NİA-nın məlumatına əsasən, ABŞ Mərkəzi Bankı (FES), Avropa Mərkəzi Bankı (ECB), Yaponiya Mərkəzi Bankı (BOJ), İsveçrə Milli Bankı (SNB), İngiltərə Mərkəzi Bankı (BoE) və Çin Xalq Bankının (PBoC) məcmu sərvəti 2006-cı il may-2015-ci il may ayları dövründə 12 trln. dollar (239%) artıb. 

Banklar arasında ən böyük sərvət Çin Xalq Bankında (5,497 trln. dollar) olub və ÜDM-nin 52,92%-ni təşkil edib.

"Anadolu Agentliyi"nə müsahibəsində "Ziraat Yatırım"ın iqtisadçı Bora Tamer Yılmaz bildirib ki, sərvətlərinin böyüklüyü səbəbindən mərkəzi banklar iqtisadiyyata dəstəyi davam etdirəcək. O, FES-in monetar ekspansiya proqramının ardından ECB və BOJ-un da iqtisadi canlandırma yaratmaq üçün buna əl atacağını qeyd edib.

"Report"un analitik qrupu hesab edir ki, inkişaf etmiş ölkələrin mərkəzi banklarının bazarlara likvidlik verməsi qısa və orta müddətdə inkişaf etməkdə olan ölkələrə kapital axınına səbəb olacaq. Çünki inkişaf etmiş bir çox ölkədə uçot dərəcəsi minimal və ya mənfi səviyyədədir. Bu da qlobal iqtisadi artımı dəstəkləyəcək və xammal, xüsusilə də neft qiymətlərini kəskin düşməsinin qarşısını alacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 2006-cı ilin sonunda 9,1%, 2015-ci ilin sonunda isə 14,3% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi