Azərbaycan ​Mərkəzi Bankı: Gələn il manatın sabitliyi prioritet olacaq

Azərbaycan ​Mərkəzi Bankı: Gələn il manatın sabitliyi prioritet olacaq Mərkəzi Bank 2015-ci ildə faiz dərəcələrinin azaldılması istiqamətində tədbirlər görəcək
Maliyyə
30 Dekabr , 2014 13:11
Azərbaycan ​Mərkəzi Bankı: Gələn il manatın sabitliyi prioritet olacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı yayımlanıb. "Report"un verdiyi xəbərə görə, bəyanatda Mərkəzi Bankın 2014-cü ildəki fəaliyyətinin təhlili və 2015-ci il üçün siyasətin əsas istiqamətləri əksini tapıb.

Bəyanatda qeyd olunur ki, Mərkəzi Bank 2014-cü ildə də ölkədə makroiqtisadi sabitliyin təmin olunmasında fəal iştirak edib: "Qlobal iqtisadi mühitdən irəli gələn risklərə baxmayaraq, cari ildə ölkədə makroiqtisadi sabitlik və milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunub, inflyasiya aşağı təkrəqəmli səviyyədə saxlanılıb, manat bir daha özünü sabit valyuta kimi təsdiq edib. Mərkəzi Bank valyuta bazarındakı proseslərə çevik reaksiya verərək burada tarazlığı təmin edib. 2014-cü ildə iqtisadi tsikldəki meyilləri nəzərə alaraq Mərkəzi Bank pul siyasətini yumşaldıb. İl ərzində dayanıqlı maliyyə sabitliyi təmin olunub, bank sektorunun iqtisadi artımda və investisiya fəallığının dəstəklənməsində rolu daha da artıb, maliyyə xidmətlərinə və resurslarına çıxış imkanları genişlənib. Bankların maliyyələşmə mənbələrinin dəyərinin azaldılması, biznes kreditləri üzrə xərclərin optimallaşdırılması sahəsində mühüm tədbirlər görülüb".

Bəyanatda bildirilir ki, 2015-ci ilin pul və məzənnə siyasəti qlobal iqtisadi risklər, milli iqtisadiyyatın strateji inkişaf çağırışları nəzərə alınmaqla həyata keçiriləcək: "Pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcək. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək. Sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rolunu nəzərə alaraq 2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaq. İqtisadi situasiyadan asılı olaraq iqtisadi artıma effektiv dəstək vermək üçün pul siyasətinin çevikliyi artırılacaq, bu siyasətin strateji çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".

Sənəddə qeyd olunur ki, növbəti ildə bank sektorunda maliyyə sabitliyinin təmin olunması üçün prudensial nəzarət gücləndiriləcək, kontr-tsiklik tənzimləmə davam etdiriləcək. Biznes kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, real sektorun kreditləşdirilməsinin stimullaşdırılması, bank-maliyyə infrastrukturunun inkişafı mühüm prioritetlər olacaq. Həmçinin, faiz dərəcələrinin azaldılması istiqamətində tədbirlər davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi